Tbilisi, 20 mart, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə martın 20-də Tbilisidə Azərbaycan mətbəxi günü keçirilib.
Tbilisidəki Böyük Britaniya-Gürcüstan Akademiyasında təşkil olunan tədbirdə 20-yə yaxın ölkədən olan əcnəbi şagirdlər iştirak ediblər.
Uşaqlara və qonaqlara Azərbaycan mətbəxinə məxsus müxtəlif növ təamlar, Novruz bayramının simvolu hesab edilən səməni, şirniyyatlar – şəkərbura, paxlava, eləcə də ölkəmizin gözəl təbiəti və mədəniyyət incilərinin əks olunduğu suvenirlər təqdim olunub.
Səfirliyin müşaviri Samirə Ağayeva qonaqlara və şagirdlərə Novruz bayramı haqqında ətraflı məlumat verib, bu bayramın xüsusiyyətlərindən, Azərbaycan xalqının adət-ənənələrindən danışıb.
S.Ağayeva ruzi-bərəkət, sülh və əmin-amanlığın rəmzi olan Novruz bayramının UNESCO tərəfindən, eləcə də dünyanın bir çox ölkəsində qeyd olunduğunu xüsusi vurğulayıb.
Sonra məktəbin direktoru Anjelik Rubin çıxış edərək belə bir tədbirin təşkilinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlığını bildirib. Direktor Azərbaycan mədəniyyəti, milli bayramları və mili mətbəxi, zəngin təbiəti barədə şagirdlərin məlumatlandırılmasını yüksək dəyərləndirib.
O, Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Xətayi Əzizov
AZƏRTAC-ən xüsusi müxbiri
Tbilisi