Vaşinqton, 20 mart, AZƏRTAC
Azərbaycan, Əfqanıstan, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın təşəbbüsü ilə BMT-nin mənzil-qərargahında Beynəlxalq Novruz Gününə həsr edilmiş xüsusi təntənəli tədbir keçirilib.
Novruz bayramı münasibətilə BMT-nin baş katibi Pan Gi Munun və BMT Baş Məclisinin sədri Sem Kutesin təbrikləri səsləndirilib.
Təntənəli mərasimin təşkilatçı dövlətlərinin səfirləri də bu əlamətdar bayram münasibətilə təbriklərini və arzularını bildiriblər.
Qeyd olunub ki, Novruz bayramı üç min ildən artıqdır ki, planetin müxtəlif guşələrində qeyd edilir və ildən-ilə çoxmillətli icmalar baharın gəlişinə əsaslı surətdə hazırlaşır, öz evlərini və təsərrüfatlarını qaydaya salır, bayramın şərəfinə ağaclar, güllər əkirlər. Onlar bilirlər ki, bayramı nə qədər mehriban qarşılasalar, təbiət bir o qədər səxavətli olacaq.
Tədbir çərçivəsində müxtəlif ölkələrdə Novruz bayramının necə keçirildiyini göstərən film nümayiş olunub. İçərişəhər və müasir Bakının simvolu olan “Alov qüllələri” fonunda qədimliyin və müasirliyin harmoniyasının, milli rəqslərin, tonqal üzərindən tullanmanın əks olunduğu Azərbaycan videoçarxı isə qonaqlarda böyük maraq oyadıb.
Bayram tədbirinin sonunda qonaqlara xatirə hədiyyələri və milli şirniyyatlar təqdim edilib.
Beynəlxalq Novruz Günü BMT-də 2010-cu ildən başlayaraq təşkilatın A/RES/64/253 qətnaməsinə müvafiq olaraq qeyd edilir və bu əlamətdar günün təsis olunmasının əsas təşəbbüskarı Azərbaycandır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton