Kiyev, 19 mart, AZƏRTAC
“Kultura i jittya” (“Mədəniyyət və həyat”) ümumukrayna qəzetinin növbəti buraxılışında Azərbaycan haqqında bir sıra materiallar dərc olunub.
“İnformasiya guşəsi” bölməsində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ən qanlı səhifəsi olan Xocalı soyqırımı haqqında məqaləsi yerləşdirilib. Məqalədə deyilir: “Bəşəriyyətə qarşı belə cinayətlərin, xalqların soyqırımı aktlarının bir daha təkrarlanmaması üçün bu hadisələrdə təqsiri olanların adları açılıb bəyan edilməlidir. Azərbaycan xalqına, Xocalının dinc əhalisinə qarşı törədilmiş qətllər və qeyri-insani hərəkətlər cəzasız qalmamalıdır”.
Bu nəşrdə xəbər verilir ki, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının (UABD ÜİT) mətbuat orqanı olan “Slovo Azerbaydjana” qəzetinin Xocalı faciəsinin ildönümünə həsr olunmuş buraxılışının 30 min nüsxəsi fevral ayının sonu – mart ayının əvvəllərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı benzindoldurma kompleksləri şəbəkəsində pulsuz yayılıb.
“Kultura i jittya” nəşrinin bu buraxılışında Ukrayna dilində sovet dövründən bu günədək iki dost ölkənin mədəni əməkdaşlığından bəhs edən “Ukrayna-Azərbaycan: musiqi körpüləri” sərlövhəli məqalə dərc olunub. Materialda birgə mədəniyyət günlərindən, dövlətlərimizin müstəqillik tarixində ilk dəfə olaraq 2012-ci ildə Azərbaycanda keçirilmiş Yeni Ukrayna musiqisi günlərindən və 2013-cü ildən Ukraynada keçirilmiş Azərbaycan musiqisi günlərindən, Qəbələdə təşkil olunmuş Beynəlxalq musiqi festivalından və digər tədbirlərdən bəhs edilir.
Qəzet həmçinin Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Kiyevdə keçirilmiş konsert-rekviyemdən söhbət açır. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyi, ARDNŞ-nin Kiyevdəki nümayəndəliyi və UABD ÜİT tərəfindən təşkil olunub.
Konsertdə dirijor və violonçelist, Qəbələdə keçirilmiş Beynəlxalq musiqi festivalının həmsədri maestro Dmitri Yablonskinin rəhbərlik etdiyi “Kiyevskiye solistı” Milli Kamera Ansamblının, habelə Azərbaycanın Əməkdar Artisti Şəhriyar İmanovun (tar) ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının – Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə və Aleksandr Çaykovskinin, digər bəstəkarların əsərləri səsləndirilib.
Məqalədə deyilir ki, mədəniyyətlərarası münasibətlərin belə inkişafını yalnız alqışlamaq lazımdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev