Bakı, 19 mart, AZƏRTAC
Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş “Yaddaş estafeti” aksiyası çərçivəsində ölkəmizdə səfərdə olan MDB Parlamentlərarası Assambleyanın nümayəndə heyətinin üzvləri martın 18-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə güllər qoyublar.
MDB Parlamentlərarası Assambleyası üzv dövlətlərinin demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunması monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elə həmin gün parlamentarilərlə Azərbaycan Respublikası veteranlarının görüşü olub.
Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının sədri general-mayor Dadaş Rzayev qonaqları salamlayaraq Böyük Vətən müharibəsində qələbə qazanılmasında Azərbaycan xalqının töhfəsindən danışıb. O xüsusilə qeyd edib ki, azərbaycanlılar qəhrəmanlıqla döyüşmüş atalarının və babalarının xatirələrini müqəddəs tuturlar.
Sonra paytaxtımızın Nərimanov rayonunda “Yaşıl dalğa” aksiyası keçirilib. MDB Palamentlərarası Assambleyası nümayəndə heyətinin üzvləri, parlamentarilər, veteranlar, gənclər qəhrəmanların və müharibənin xatirəsinə ağaclar əkiblər.
Xatırladaq ki, keçən il MDB Dövlət Başçıları Şurasının iclasında MDB Parlamentllərarası Assambleya Şurasının sədri Valentina Matviyenko Birliyin bütün ölkələrində “Yaşıl dalğa” aksiyası keçirməyi təklif etmişdi. Bu aksiya qələbənin yubileyinə həsr olunur.
MDB Parlamentlərarası Assambleyanın nümayəndə heyəti Milli Məclisə də gedib. Görüşdə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, deputat Rauf Əliyev, Veteranlar Şurasının sədri Dadaş Rzayev və başqaları iştirak ediblər.
Axşam Xəzər rayonunda yerləşən “Qələbə” memorial kompleksində təntənəli şəraitdə əbədi məşəldən götürülmüş alov xüsusi kapsula yerləşdirilib.
MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti odu Rusiyanın şimal paytaxtına çatdıracaq və Sankt-Peterburq Dövlət Tarix Muzeyinin filialına - “Leninqradın qəhrəman müdafiəçiləri” monumentinə saxlamaq üçün verəcək.
“Yaddaş estafeti” aksiyası aprelin 16-da başa çatacaq. Müstəqil Dövlətlər Birliyinin paytaxt şəhərlərində Böyük Vətən müharibəsi xatirəsinə ucaldılmış ən iri memoriallardan götürülmüş əbədi məşəlin hissəcikləri Birliyin vahid məşəlində birləşdirilərək Sankt-Peterburq Dövlət Tarix Muzeyinin filialına - “Leninqradın qəhrəman müdafiəçiləri” monumentinə veriləcək.