İslamabad, 19 mart, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyində Novruz bayramı münasibətilə keçirilən tədbirdə bu ölkənin qadınların işlə təmin olunması, sosial inkişaf üzrə naziri Rubina Kaumxani, Senatın və Milli Assambleyanın xanım üzvləri, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan qadın siyasətçilər, qadın təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbirdə qonaqlara Novruz bayramı zamanı bişirilən müxtəlif yeməklər və şirniyyatlar təqdim edilib, onlara bu bayramın adət-ənənələri, Azərbaycan xalqının həyatında oynadığı rol haqqında məlumat verilib.
Bildirilib ki mərhəmət və birlik rəmzi olan qədim Novruz bayramı Azərbaycan xalqının zəngin mənəviyyat və humanizm ideyalarının təzahürüdür. Tədbirdə Novruz bayramına, xalqımıza məxsus olan müxtəlif adət-ənənələri əks etdirən sənədli film nümayiş etdirilib.
Qonaqlara, həmçinin Azərbaycan həqiqətlərini, mədəniyyətini və tarixini, erməni təcavüzünü, habelə həyatın müxtəlif sahələrində ölkəmizin əldə etdiyi inkişafı əks etdirən müxtəlif kitab, jurnal və videomateriallar hədiyyə olunub.
Bayram mərasimi Pakistanın yerli telekanalları və mətbuat orqanları tərəfindən işıqlandırılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
