Riqa, 19 mart, AZƏRTAC
Bakıda keçirilmiş “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalında Latviyanı gənc, perspektivli müğənni Leyla Əliyeva təmsil edib.
Leyla Əliyeva Latviyanın Livani şəhərində anadan olub və valideynləri hazırda orada yaşayır. O, 2011-ci ildən Bakıda Azərbaycan Milli Konservatoriyasında muğam sənəti üzrə təhsil alır. Bundan əvvəl isə oxumağı İolanta Qulbe və Denis Paşkeviçin caz studiyasında öyrənib. Leyla musiqidə latış daynalarını və muğamı birləşdirir. Leyla Əliyeva Bakıda müxtəlif diplomatik tədbirlərdə çıxış edib, Azərbaycan milli televiziyasının verilişlərində oxuyub, beynəlxalq gənclər muğam festivalının fəxri qonağı olub. O, Latviyada Porta Dünya Musiqisi Festivalında, Riqa günü bayramında Krastmalada çıxış edib. Leyla Latviyada konsertlərini öz “Belıye zvuki” layihəsi çərçivəsində, habelə indiyədək əməkdaşlıq etdiyi “Effekt pulsa” ritm qrupu ilə birlikdə reallaşdırır.
“Muğam aləmi” festivalı bir çox musiqiçinin gələcək inkişafı üçün platforma olub. Bunda görə də bu il Leyla Əliyeva Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə xüsusi çıxış hazırlayıb.
Qeyd edək ki, Leyla Əliyeva “Muğam aləmi” Beynəlxalq Muğam Festivalında ilk dəfə çıxış edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi xəbəri
Riqa