Konfransda çıxış edənlər film haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, filmdə 20-dən çox məşhur azərbaycanlı aktyor rol alıb: "Filmimiz fantastik-absurd komediya, macəra, utopiya janrında çəkilib. 1 saat 40 dəqiqəlik filmin yaş məhdudiyyəti yoxdur. Filmdə Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Arif Quliyev, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov çəkiliblər".
Bildirilib ki, filmin çəkilişləri üçün 150 min manata qədər vəsait xərclənib.
Rejissor Ramil Adiloğlu deyib ki, filmin ssenarisi 2008-ci ildə yazılıb. Filmin çəkilməsi ilə əlaqədar maliyyə resursları tapılmadığı üçün indi çəkmək mümkün olub. Rejissor hesab edir ki, filmdə fərqli yanaşma ortaya qoyulub. Azərbaycan tamaşaçısının illər boyu arzuladığı ideya reallaşıb.
Milli.Az-ın əməkdaşının "Bu film hansısa məhsulun 1 saat 40 dəqiqəlik reklamıdır?" sualına cavab verərkən rejissor Ramil Adiloğlu bildirib ki, burada əsasən gizli reklamlardan istifadə edilib. Sponsorlara da əvvəlcədən izah edilib ki, filmdə açıq reklamlar olmayacaq. Şirkətlərlə danışıqlar apararkən çox çətinliklər olub. Sponsorlar istəyirdilər ki, məhsulları açıq şəkildə reklam olunsun filmdə. Ancaq yaradıcı heyət buna razılaşmayıb. Bununla belə, sponsorlarla dil tapa biliblər.
"Azərbaycan tamaşaçısının illərlə gözlədiyi filmi çəkmişik. Filmdə qurşaqdan aşağı zarafatlar yoxdur, yeni çəkilən bir çox filmlərdən fərqli olaraq. Ümid edirik ki, filmimiz izləyicilər tərəfindən bəyəniləcək. Bizim filmimiz absurd komediyadır. Çünki filmdə keçmiş zamandan müasir dövrə düşmüş qəhrəmanın bu dövrə yanaşması absurddur. Ümumilikdə "absurd" nədir, söyləyim. Yeni çəkilən komediya filmlərimizə baxaq: 90 dəqiqəlik filmdə bu qədər birbaşa reklam olmaz, absurd olan budur. Qurşaqdan aşağı zarafatlarla insanları güldürməyə çalışmaq absurddur. Bu gün Azərbaycan kinosunun sifəti yoxdur, Azərbaycan kinosu sifətsizdir. Tutaq ki, fransız, ya da İran filminə səssiz də baxsan, bilmək olur ki, bu fransız filmidir, İran filmidir, amma bizim filmlər haqda bunu demək çətindir. Təbii ki, uğurlu filmlərimiz var, amma daha da inkişaf etməlidir kinosənayemiz. Bu filmlə Azərbaycan kinosuna yenilik, fərqlilik gətirmək, kinomuzun inkişafına töhfə vermək istəyirik”, - o vurğulayıb.
Rejissorun sözlərinə görə, filmdə "Terminator", "Təhminə" və başqa tanınmış filmlərin parodiya səhnələri də yer alıb.
Filmdə rol alan aktyor Faiq Mirzə isə deyib ki, komediyada rol almaq çox çətindir. Aktyoru daha çox dramatik obrazlarına görə tanıyan Azərbaycan tamaşaçısı bu filmdəki obrazına, yaxşı mənada, çox təəccüblənəcək.
Filmin prodüseri İslam Ağa filmi ərsəyə gətirərkən yaşadıqları çətinliklərdən danışıb və bildirib ki, 20-yə yaxın tanınmış aktyor heyətini bir araya gətirib işləmək çətin idi.
"Zülm idi, amma bunu bacarmaq bizim uğurumuzdur haradasa. Bütün aktyor heyətinə təşəkkür edirik. Reklam məsələsində də yenilik var filmimizdə. Filmdə birbaşa reklam yoxdur, gizli reklamlara yer vermişik. Bunu, filmimizə reklam verən şirkətlərə anlatmaq bir az çətin oldu. Amma biz onları inandırdıq ki, bu cür reklam daha təsirlidir”, - deyə o vurğulayıb.
Filmin mətbuat katibi İsmayıl Həsənov bildirib ki, tənqidlər üçün açıqdırlar.
"Film kinotetrlarda göstərildikdən sonra da media ilə görüşüb fikir mübadiləsi aparmaq bizim üçün çox önəmlidir. Hər cür tənqidə də tolerant yanaşırıq. Bizi daha çox tənqid edin ki, daha uğurlu işlərlə qarşınıza çıxaq”.
Filmin süjet xətti isə belədir: indiki zamanda arxeoloq Tapdıq (Fərda Xudaverdiyev) arxeoloji qazıntılar zamanı qəribə bir yumurta tapır və bu yumurtanın milyon yaşı olduğunu iddia edir. Bu nə qədər uydurma səslənsə də onun söylədikləri həqiqətən də mövcud milyon il əvvəlki paraleldə bir gerçəkdir. Tapdığın dediyi kimi, tayfa başçısı öz oğlu Duduya ona babalarından miras qalmış müqəddəs yumurtaları həvalə edərkən onların qorunmasını tapşırır və bu yumurtalar sınacağı halda böyük bir fəlakətin baş verəcəyini söyləyir. Amma təsadüfən yumurtalardan biri Dudunun əlindən düşüb sınır və bununla da Dudu indiki dövrə düşür. Müasir dövrə düşən Dudu bütün gücünü salamat qalmış (arxeoloqun tapdığı) yumurtanın axtarışına həsr edir. Bu işdə isə ona təzəcə dostlaşdığı dələduz jurnalist Maqsud kömək edir. Ancaq nəticələr heç də gözlənildiyi kimi olmur.
Teymur Hacıyev
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.





















