Milli.Az CTV-yə (Region TV-yə ) istinadən bildirir ki, Lənkəranda da xalqımızın yüzilliklərdən keçib gələn böyük bayramı böyük təntənə ilə qeyd edildi.

Türk dünyasının ozanı Dədə Qorqud xalqımızn firavanlığı, dövlətçiliyimizin möhkəmlənməsi naminə dualar etdi. Ardınca Novruz tonqalı alovlandırıldı. Yüzlərlə  rayon sakini bayram tonqalının ətrafına toplaşıb, bir-birindən maraqlı bayram çıxışlarına tamaşa etdi. Bölgənin tarixi keçmişinə, mədəniyyətinə aid əl işləri, süfrə təamları, Novruz şirniyyatları sərgiləndi. Sonra meydan Novruz atributlarından sayılan Kosa, Keçəl və Bahar qızına verildi. Onlar da şən zarafatları, məzəli səhnəcikləri ilə sakinlərin bayram ovqatını daha da rəngarəng etdilər.

Meydanda milli adət-ənənəmizin bütün özəllikləri nümayiş olundu. Bayram şənliyində idmançılar cəngi sədaları altında məharətlərini göstərdilər. Bahar qızı Keçəl və Kosanın müşayiəti ilə Novruzun əsas atributu olan səmənini meydana gətirdi. Bayram payı toplayan Kosa yumurta döyüşdürüb, tamaşaçıları məzəli söhbətləri ilə əyləndirdi. Bayram tədbiri kütləvi rəqs və mahnılarla davam etdi.

Milli.Az