Fiziki şəxs Rəsulov Vüqar Vilayət oğluna məxsus çiy dönər istehsalı ilə məşğul olan müəssisədə nöqsanlar aşkar edilib.  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən  Sumqayıt şəhəri, 2 mkr, C.Cabbarlı küçəsi ev 31/70 ünvanında yerləşən  fiziki şəxs Rəsulov Vüqar Vilayət oğluna məxsus çiy dönər istehsalı ilə məşğul olan müəssisədə yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki,  müəssisədə istehsal olunan məhsulun normativ sənədləri, keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı və müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur və məhsulun markalanması aparılmır. Həmçinin müəssisənin sanitar vəziyyəti qeyri-qənaətbəxşdir. Belə ki, müəssisənin tavanı və divarları kif təbəqə ilə örtülmüş, xammalın və hazır məhsulların saxlanması üçün lazimi şərait mövcud deyil, müəssisə gəmiricilərlə çirklənmişdir. Habelə məhsulun sınağını aparmaq üçün laboratoriya mövcud deyil və akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqavilə bağlanmayıb. İstismarda olan 1 ədəd ölçmə vasitəsi də müqayisəli dövlət yoxlamasından keçməyib. 

Yoxlama nəticəsində müəssisədə  istehsal dayandırılıb və qanunvericiliyə müvafiq tədbirlər görülüb.