Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi tərəfindən martın 20-dən 22-dək Bakıda ikinci “Bakı Novruz Salsa Festivalı” keçiriləcək.
Axşam.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən AzərTac-a bildirilib ki, tədbirin ustalıq dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub. Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.
Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrin dünya şöhrətli müəllimləri dəvət olunub. Eyni zamanda tədbirdə adıçəkilən ölkələrin müəllimləri ilə yanaşı, rəqqasları da iştirak edəcəklər.
Qeyd edək ki, “Bakı Novruz Salsa Festivalı” ilk dəfə 2014-cü ilin martında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.