Martın 18-də “Yeni Həyat” Şirkətlər Qrupu ilə  “AAC” MMC, “Spark ” MMC və “GÖKNUR-BAKI LTD” MMC arasında birgə əməkdaşlıq haqqında sazişin imzalanmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

 

Son zamanlar Azərbaycanda qeyri neft sektorunun sürətlə inkişaf etməsi xarici analoqları ilə bərabərhüquqlu rəqabətə davamlı yerli məhsul və brendlərin yaranmasına münbit şərait yaratmışdır. Bunun nəticəsində bir sıra sahələrdə, o cümlədən, inşaat sektorunda  fəaliyyət göstərən şirkətlər işlərinin böyük əksəriyyətini yerli məhsullara əsaslanaraq qurmağa və uğurlu layihələrə imza atmağa müvəffəq olmuşdur.

 

Belə şirkətlərdən bir də ölkənin inşaat sektorunun liderlərindən sayılan “Yeni Həyat” Şirkətlər Qrupudur. Dizayn,  yerləşmə,  komplekslilik,    yeni  texnologiyalar və müasir   standartlar ,   öz   marka  dəyərinə  və  müştərilərlə münasibətlərə  sadiq  qala bilmək kimi  prinsiplər YENİ  HƏYAT-ı rəqiblərindən    fərqləndirir. Şirkət bütün son layihələrində “AAC” şirkətinin istehsal etdiyi Gobustone hörgü bloklarından, “Spark” şirkətinin istehsalı olan betondan, “GÖKNUR-BAKI” şirkətinin istehsal etdiyi müxtəlif təyinatlı kabellərdən istifadə etməkdədir.  Bu isə öz növbəsində keyfiyyətə müstəsna önəm verən Yeni Həyat-ın partnyor şirkətlərə və onların istehsal etdiyi məhsullara etibarından xəbər verir.

 

Yerli şirkət və məhsullara üstünlük vermənin önəmini, habelə son günlərdə manatın rəsmi məzənnəsindəki dəyişikliklərin yerli bazara təsir etməməsini bəyan niyyəti  Yeni Həyat, AAC, Spark Beton və GÖKNUR- BAKI şirkətlərini birgə əməkdaşlıq haqqında saziş imzalamağa sövq etdi.

 

Sazişin əsas mövzusuna görə Yeni Həyat loqosu ilə həyata keçiriləcək bütün layihələrdə zəruri mal-material tədarükündə məhz bu partnyor şirkətlərin məhsullarından istifadə ediləcəkdir. Ölkə idtisadiyyatının inkişafına dəstək olan bu addım yerli istehsalçıların nəinki bir-biri ilə hətta xarici istehsalçılarla sağlam rəqabət aparmasına və xarici analoqlardan seçilməyən keyfiyyətli məhsul istehsal etməsinə yardım edəcəkdir.

 

Ölkənin qabaqcıl media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında birgə əməkdaşlıq haqqında sazişi  “Yeni Həyat” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Fərid Əsədov, “AAC” MMC-nin Baş direktoru İsrail Asaliyev, “Spark” MMC-nin müdiri Əbdürrəhman Madakbaş, “GÖKNUR-BAKI LTD” MMC-nin Baş direktoru Rahib Rzayev imzaladı.