“Ümumiyyətlə, insan hüquqlarının qorunması bəşəri dəyərdir. Dərisinin rəngindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq yaranan hər bir insanın hüququ var. Təbii ki, bu hüquqlar qorunmalıdır”.

Milli.Az xəbər verir ki, bunu SİA-ya millət vəkili Tahir Rzayev “Human Rights Watch” və digər beynəlxalq təşkilatların bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində tutduqları ikili standartlara münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, təəssüf ki, bu hüququ qorumaq istəyən və bu hüquq, demokratiya, insan azadlığı haqqında və s. söhbət açan ölkələr heç də dediklərinə əməl etmirlər: “Bu, yalnız sözdədir, amma əməli işdə görünmür. Ona görə də bu bir təsir vasitəsi kimi başqa ölkələrə tətbiq olunur. Təbii ki, Azərbaycan da bu qəbildəndir. Yəni təsir altında olan, təsirə məruz qalan, ərazilərinin 20 faizi erməni hərbçiləri tərəfindən işğal olunan bir dövlətdir. Səbəb isə ölkəmizin mühüm strateji əhəmiyyətli (həm yeraltı və yerüstü sərvətlərinin bol olması, həm də regionun mühüm sahədə yerləşməsi) bir ölkə olmasıdır. Digər tərəfdən, bu, ölkəmizin son dövrlər inkişafı ilə əlaqədardır. Heç şübhəsiz ki, bunu istəməyən qüvvələr var. Həmin qüvvələr istəyir ki, həmişə Azərbaycanda qeyri-sabitlik, iğtişaşlar olsun və beləcə dövlətimiz zəifləsin. Sonucda da onlar təsir rıçaqlarından istifadə edərək Azərbaycana dediklərini qəbul etdirsinlər”.

T.Rzayev bildirib ki, bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ölkəmiz üçün bir şansdır: “Hətta mən deyərdim ki, bu, çox gözəl şansdır. İndi radikal müxalifət dairələri və onlara dəstək verən xarici beynəlxalq təşkilatlar, bir çox siyasətçilər sözügedən oyunları boykot etməyə çalışırlar. Onlar bunun üçün hər bir vasitədən istifadə edirlər. Məqsəd isə aydındır. Çünki bütün bu işlər bir mərkəzdən idarə olunur. Çox təəssüf ki, bizim nadanlarımız da onların səsinə səs verirlər. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarna hazırlıq artıq üç ildir ki, davam edir. Amma onlar deyirlər ki, həmin oyunların keçirilməsi Azərbaycan iqtisadiyyatına, büdcəsinə xeyli ziyan vuracaq. Hətta şayiə yayırlar ki, Olimpiya stadionu qüsurludur və oyunların keçirilməsi mümkün deyil. Çox acınacaqlı haldır ki, bizə qarşı bu şayiələr səsləndirildikdən bir saat sonra erməni mətbuatında şərh olundu. Heç şübhəsiz ki, onlar bir mərkəzdən idarə olunur. Təəssüf ki, mən öz millətimdən olan bu nadanlara səslənərək deyirəm ki, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemləri, hüquqları niyə sizi maraqlandırmır? Siz niyə xaricdən gələn adamlara bu barədə məlumat vermirsiniz, amma sahibsiz itlərin, pişiklərin qeydinə qalırsınız? Bu oyunların keçirilməsi Azərbaycanı dünyada tanıtmaqla bərabər, həm də uzun müddət ölkəmizdə idmanın inkişafına xidmət edəcək”.

Milli.Az