[ 19 Mart 2015 03:05 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. Martın 18-də Azərbaycanın Abşeron rayonu Xırdalan şəhər uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin 35 nəfərdən ibarət üzvü Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Kutaisidə Novruz bayramına həsr olunan konsert ilə çıxış ediblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konsert Gürcüstandakı Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə Kutaisi şəhərindəki Z. Paliaşvili adına 2 nömrəli musiqi məktəbində keçirilib. Konsert başlamamışdan Xırdalan şəhər uşaq musiqi məktəbinin direktoru İkram Manafov və Z. Paliaşvili adına 2 nömrəli musiqi məktəbinin direktoru Nino Doqonadze çıxışlarında bu gündən Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən musiqi məktəbləri arasında dostluq bünövrəsinin qoyulduğunu qeyd ediblər.

 

Sonra Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. "Biz Kutaisidə Azərbaycan musiqisini və Novruz bayramını yüksək səviyyədə təbliğ etdik. Dəfələrlə alqışlara nail olduq. Bu, kollektivimiz üçün ən böyük mükafatdır”- deyə İkram Manafov APA-ya açıqlamasında bildirib.

 

Qeyd edək ki, martın 19-da Xırdalan şəhər uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestri Marneulidəki 3 nömrəli Azərbaycan orta məktəbində çıxış edəcəklər.