[ 18 Mart 2015 23:05 ]


Bakı. Cavid Zeynallı - APA. "Kapelhaus” Almaniya-Azərbaycan Mərkəzində Almaniyanın Azərbaycandakı səfirliyinin, Səhiyyə Nazirliyinin 1 nömrəli psixiatriya xəstəxanasının təşkilati dəstəyi ilə Novruz bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirilib.

APA-nın məlumatına görə, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Templ çıxışında bildirib ki, 1 nömrəli psixiatriya xəstəxanasının keçirdiyi tədbirdə ikinci dəfədir iştirak edir: "Çox şadam ki, tədbirdə xəstəxanada müalicə alanlar fəal iştirak edirlər. Pasientlər həddən artıq istedadlı insanlardır. Burda onların həm rəsm əsərləri nümayiş olunur, həm də digər yaradıcılıq nümunələri ilə biz tanış oluruq. Cəmiyyətin diqqətini psixi xəstə olan adamlara cəlb etmək üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyəti böyükdür".

 

Psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov qeyd edib ki, yaradıcılıq fəaliyyəti pasiyentlərin sağlamlığına yaxşı təsir göstərir və onların özünə inam hissini gücləndirir.

 

Tədbirdə müxtəlif pantomima, musiqili tamaşalardan parçalar, rəqs nömrələri, pasiyentlərinin hazırladıqları suvenirlərdən ibarət sərgi təqdim olunub.