Bakı, 18 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələri arasında ənənəvi olaraq keçirilən “Mənim imzam” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Bakı 2015 ilk Avropa Oyunları”na həsr olunan yazı müsabiqəsi BDU-nun jurnalistika fakültəsinin tələbə və müəllimlərinin təşkilatçılığı, tələbə həmkarlar təşkilatının dəstəyi ilə keçirilib.
Mərasimdə jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, professorlar Cahangir Məmmədli, Nəsir Əhmədli müsabiqənin fakültədə canlanma yaratdığını və gənc jurnalistləri yaradıcılığa cəlb etdiyini söyləyib, müsabiqənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Natiqlər son zamanlar BDU-nun jurnalistika fakültəsi tələbələrinin beynəlxalq və ölkə səviyyəsində qazandıqları uğurlardan söz açıblar.
Sonda I, II və III yerlərin sahiblərinə diplom və pul mükafatı təqdim edilib.
Xatırladaq ki, BDU-nun jurnalistika fakültəsində hər ay müxtəlif nominasiyalar üzrə fakültədaxili müsabiqə elan olunur, peşəkarlar arasında səsvermə keçirilməklə qaliblər müəyyənləşdirilir.