Hər kəsin səbirsizliklə gözlədiyi Novruz bayramı artıq qapımızı döyüb. Novruz onu həsrətlə gözləyən uşaqlar üçün sözün əsil mənasında ikiqat bayramdır desək, yəqin ki, yanılmarıq. Çünki bu ərəfələr həm dərslərdən azad olurlar, həm də bayram süfrəsini bəzəyən şirniyyatlardan dadıb, ənənələrimizə uyğun olaraq maraqlı oyunlarımızla bayramı keçirmək şansı əldə edirlər. Milli adət-ənənələrimizlə bol olan bu bayramda tətil günlərinin sayı da az deyil. Belə ki, əylənməyə və istirahət etməyə bolluca vaxt əldə edəcəyik. İnsanların asudə vaxtlarını səmərəli keçirmək üçün mədəniyyət ocaqlarına baş çəkmək imkanları da geniş olacaq.Novruz tətili günlərində paytaxtın mədəniyyət müəssisələri bir-birindən maraqlı proqramlar vəd edir
Asudə vaxtlarında bayram günlərini harada keçirməyi düşünən oxucularımız üçün mədəniyyət ocaqları ilə əlaqə saxlayıb, hansı tədbirlər planlaşdırdıqlarını xəbər aldıq. Öyrəndik ki, bu il də bayram ərəfəsində mədəniyyət ocaqlarımız bir-birindən maraqlı proqramlar hazırlayıb.
Bayram günü açıq qapı
Novruz bayramı münasibəti ilə martın 25-də Heydər Əliyev Sarayında açıq qapı günü keçiriləcək. Bu barədə “Kaspi”yə məlumat verən Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin sözlərinə görə, “Xoş gəlmisən, Novruzum” adlı bayram konsertinə giriş sərbəst olacaq. Bayram konsertində respublikanın əməkdar artistləri Teyyub Aslanov, Gövhər Rzayeva (qarmon), Səlim Abbasov (skripka), populyar müğənnilər Samir Piriyev, Günay İbrahimli, Vasif Məhərrəmli, Nazim, Mirkamil Kamilov, Gülay Qədirova, Rəşad İlyasov, Nicat Cəfərzadə, Əbdülxalid, Amil Həsənoğlu, Aslan Hüseynov, Solmaz Kosayeva (aşıq), Şəhla Həmidova, Yaşar Cəlilov, Elcan Rzayev, Səidə Dadaşova və “Dostlar qrupu”, “Komedi.az”, “Kolorit” rəqs qrupu iştirak edəcəklər. Qeyd edim ki, bu konsert saat 18:00–da başlayacaq.
Anar Fərəczadənin verdiyi məlumata görə, açıq qapı günü şəhər və rayonlardan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cəmiyyətləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri üçün nəzərdə tutulmuşdur.
Öyrəndik ki, Heydər Əliyev Sarayında martın 22-23-də isə “Xonçalı Novruz gəlir” şənliyi keçiriləcək. Uşaqlar üçün nəzərdə tutulmuş bu şənlikdə Bahar qızı, Kosa və Keçəlin dəvəti ilə məşhur estrada müğənniləri, “Asiman”, “Zirvə”, “Aysel”, “Natiq” rəqs qrupları iştirak edəcəklər. Bayram şənliyi 13:00-da başlayacaq. Biletlərin qiymətləri isə 5-15 manat arasında dəyişəcək.
İçərişəhərdə təntənəli bayram festivalı
Novruz bayramı hər ilki kimi İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq. Belə ki, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq martın 20-dən 23-dək II Beynəlxalq Novruz Festivalı keçirəcək. Dörd gün davam edəcək festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də iştirak edəcəklər.
Festival günlərində Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan bazarı”nda milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.
Festival çərçivəsində hər gün Qoşa qala qapısı meydanında, Qız qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək. Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı olacaq və Novruz şənlikləri təşkil ediləcək. “Qala” qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa qala qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.
Bakı Dövlət Sirkində “Qızıl dördlük”
Bakı Dövlət Sirkində isə artıq martın 14-dən “Qızıl dördlük” adlı proqram nümayiş olunur. Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun “Kaspi”yə verdiyi məlumata görə, ilk dəfə olaraq Bakıda təşkil edilən bu proqramda Böyük Moskva, Nikulin, Çinizelli və Belarus sirklərinin 40-dan çox artistinin çıxışları göstərilir.
Aldığımız məlumata görə, fasiləsiz olaraq martın sonuna kimi Sirkdə hər gün tamaşalar nümayiş etdiriləcək. “Qızıl dördlük” adlı proqramda isə müxtəlif janrlı nömrələr yer alıb. Belə ki, Azərbaycanda ilk dəfə olaraq dəmir şar içərisində motor şou tamaşaçıların gözünü oxşayacaq. M.Hümbətov deyir ki, bu nömrədə xüsusi avadanlıqlarla işıq və lazer şousu tamaşaçıların diqqətini cəlb edir: “Qızıl dördlük” iki saatdan artıq davam edən proqramdır. Biletlərin qiyməti stabil olaraq sırasından asılı olaraq 8-12 manat civarında dəyişir. Proqramda tamaşaçılar “Keniya boys” akrobatlar qrupu, timsahlar, şar içində motosikletçilər, “Professor Yermakovun itlər məktəbi”, ekzotik tutuquşular, atlar və dəvələr, qeyri-adi lazer və işıq effektləri, şən klounlar və digər nömrələri izləyə biləcəklər”.
Dənizkənarı Bulvarda dadlı təamlar olacaq
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bizimlə söhbətində bildirdi ki, Novruz şənlikləri martın 19-da dövlət səviyyəsində rəsmi şəkildə keçiriləcək: “Bayram günlərində səhər saat 10:00-dan gecəyə qədər Novruz bayramı ilə bağlı şənlik keçiriləcək. Bundan əlavə, Azərbaycanın mədəniyyətinə, folkloruna aid olan musiqi, rəqs nömrələri, regionlarımızda istehsal edilən məhsulların nümayişi, mətbəximizin təamlı nemətləri dənizkənarı bulvarda vətəndaşlarımıza təqdim olunacaq. “Bakı 2015” ilk Avropa Oyunlarına görə bu il Novruz bayramında idman növlərinin nümayişinə böyük yer ayrılıb. Belə ki, Avropa Oyunlarında daxil olan idman növləri üzrə təqdimatlar böyük yer alacaq. Burada tanınmış idmançılarımız, olimpiya və dünya çempionlarımız da iştirak edəcəklər. Bayram axşamı isə şəhər sakinlərini atəşfəşanlıq gözləyir”.
Hər il bayram ərəfəsində dənizkənarı bulvarda azyaşlı uşaqlar üçün attraksionlar bir neçə saatlıq pulsuz fəaliyyət göstərir. “Bəs görəsən bu bayramda necə, belə bir aksiya gözlənilirmi” - deyə Nazim Məcidova sual verdik. Aydın oldu ki, bu il attraksionların pulsuz istifadəsi nəzərdə tutulmayıb: “Elə kampaniya keçirməyə imkanımız yoxdur, qarşıda bizi Avropa Oyunları gözləyir. Ona görə də bulvarın işi həddindən artıq çoxdur. Yəni həm təmir, tikinti, ərazimizin genişlənməsi və digər məsələlər var ki, fiziki olaraq bu işin öhdəsindən gələ bilmirik. Biz bu pulsuz aksiyanı avqust ayına qədər dayandırmışıq”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Novruz bayramı ərəfəsində və günlərində, yəni martın 14-dən 24-dək uşaqlar üçün maraqlı tamaşalar göstəriləcək. Teatrın mətbuat xidmətindən “Kaspi”-yə bildirilib ki, həmin günlərdə “Dəcəl keçi”, “Məlikməmməd və sehrli almalar”, “Qoğalın nağılı”, “Qırmızıpapağın nağılı” tamaşaları göstəriləcək. Tamaşadan əvvəl Novruzun atributları olan Kosa və Keçəl səhnədə uşaqları təbrik edəcəklər.
Novruz bayramı ərəfəsində teatrda premyeralar da nəzərdə tutulur. Gənc yazıçı və dramaturq Pərvinin Azərbaycan xalq nağılı əsasında “Dəcəl keçi” tamaşasının premyerası olacaq. Tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
P.S. Novruz şənlikləri ilə bağlı teatrların repertuarı haqda daha ətraflı məlumatı qəzetimizin “Teatr” əlavəsinin növbəti buraxılışından əldə edə bilərsiniz.
Milli.Az