"Kərəm gözəlləməsi" adlı saz havasını özünəməxsus şəkildə ifa edib klip çəkdirən Samirə Milli.Az vasitəsilə yaradıcılıq yolunda qazandığı uğurundan oxucularımızı məmnunluqla məlumatlandırdı:
"Təvazökarlıqdan uzaq səslənməsin, mən əminəm ki, ərsəyə gətirdiyimiz layihə, sözün yaxşı mənasında, səs-küysüz ötüşməyəcək. Bu instrumental saz havası Etibar Qasımbəyli tərəfindən aranjman edilib.
"Kərəm gözəlləməsi" nə çox dolğun klip çəkdirməyi qarşıma məqsəd qoydum. Və düşünmədən xanımlığına, peşəkarlığına hörmət bəslədiyim rejissor Ülviyyə Könül və onun yaradıcı komandasına müraciət etdim. Çünki Ülviyyə xanımdan yaxşı heç kim bu klipi ekranlaşdıra bilməzdi. Haşiyəyə çıxıb vurğulamaq istəyirəm ki, sözügedən gözəlləmə qadın gözəlliyinin vəsfi kimi bugünümüzə qədər gəlib-çıxıb. Mən isə qərara aldım ki, xanım gözəlliyi ilə yanaşı, milli-mənəvi dəyərlərimizin gözəlliyi - qədim musiqi alətimiz olan saz, dastanlarda yaşayan el havası, rəqslərimiz, milli geyimlərimiz, xalçalarımız, ən önəmlisi şəhərimizin tarixi və müasir məkanları süjet xəttində əks olunsun.
Operatoru Elmir Süleymanov, montajı Ramiz Hüseynov olan vizual məhsul Dövlət Xalça Muzeyində, Heydər Əliyev mərkəzinin, "Qoşa qala" qapılarının, eləcədə "Qız qalası"nın qarşısında çəkilib. Xoreoqraf Nailə Məmmədzadə saz havasına uyğun rəqs qurdu və mən oğlan rəqqaslarla birlikdə kameralar qarşısına keçib rəqs etdim. Bunu bacarmağımın özü də bir yenilikdir. Klipdəki saç düzümüm və vizajımı Anar Məmmədov etdi. Geyimlərin ideya müəllifi və stilistikası mənə məxsudur. Bu imici Aybəniz Əhmədova ilə birgə tamamladıq. Məlumdur ki, iyun ayında Azərbaycan "Avropa Olimpiya Oyunları"na ev sahibliyi edəcək. İndi bütün diqqət bu mötəbər idman bayramının hazırlıqlarına yönəlib. Çalışdım ki, bu işdə vətəninə bağlı olan sənət adamı kimi az da olsa, mənim də payım olsun. Ümumilikdə ərsəyə gətirilən klipi Azərbaycanı tərənnüm edən tanıtım çarxları sırasına daxil etmək olar. İnanıram ki, həm dəyərli oxucularımız, həm də Olimpiya oyunları ərəfəsində vətənimizə gələcək qonaqlar bu klipi də izləsələr, Azərbaycan haqqında xoş təəssüratlarını özləri üçün formalaşdıracaqlar. Sonda çəkilişdə yaratdıqları şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Xalça Muzeyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".
"Kərəm gözəlləməsi" klipinə yayımladığımız videodan baxa bilərsiniz.
Elşən İmanov
Milli.Az
Foto: Ramil Bakirov




















