Martın 25-dən kağız tullantıların qəbulu üçün bütün "ASAN xidmət" mərkəzlərində xüsusi konteynerlər quraşdırılacaq. Layihə çərçivəsində "AzersunHolding" MMC tərəfindən 300 kq-dan artıq kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması təşkil ediləcək. Kağız tullantılarını səyyar qaydada təhvil vermək istəyən şəxslər İDEA İctimai Birliyi və ya "ASAN xidmət"lə əlaqə saxlaya bilərlər.
Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.
2014-cü ilin fevral-aprel ayları ərzində Bakı şəhərində "Hər kağızı bir yarpağa dəyişək" layihəsinin pilot fazası həyata keçirilib və 79 tona yaxın kağız toplanaraq təkrar emal müəssisəsinə göndərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, IDEA İctimai Birliyi və"AzersunHolding" MMCdövlət qurumları, özəl sektor nümayəndələrini, qeyri-hökumət təşkilatları və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etməyə dəvət edir.


