Bakı, 18 mart, AZƏRTAC
Azərbaycanın Kanadadakı səfirliyi paytaxt Ottavaya qonşu olan Qatino şəhərində Novruz bayramı münasibətilə ziyafət təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bayram tədbirində Ottava və Monreal şəhərlərindəki azərbaycanlı icmanın nümayəndələri, Türkiyə səfirliyinin əməkdaşları və kanadalı qonaqlar iştirak ediblər.
Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin direktoru Vüsalə Əhmədova tədbirdə çıxış edərək Novruz bayramının tarixindən danışıb.
Səfirliyin müvəqqəti işlər vəkili Ramil Hüseynli Novruzun 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini söyləyib. O, BMT Baş Məclisinin 64-cü sessiyasının martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi barədə 2010-cu il 23 fevral tarixli qərarını xatırladıb. Vurğulayıb ki, Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə yaşadan böyük mədəniyyət hadisəsidir.
Çıxışlardan sonra “Qarabağ” məktəbinin şagirdləri Azərbaycan xalq mahnılarını oxuyub və rəqslər ifa ediblər. Onlar, həmçinin Novruz bayramına xas olan adətləri əyani olaraq iştirakçılara göstəriblər.
Qonaqlar Azərbaycan şirniyyatlarından da dadıb, ölkəmizin mədəniyyətini təbliğ edən videoçarxa baxıblar.