“Qapqara olub zəncini də oynayaram”
Aktyor Faiq Mirzənin Milli.Az-a müsahibəsi.

- Faiq bəy, bu il sizin yaradıcılığınızın ən məhsuldar ili oldu. Uğur uğuru üstələdi. Tanınmış türk aktrisa Nebahat Çehre ilə baş rolu bölüşdüyünüz “Qanlı Yanvar” filmi isə bu uğurun bir göstəricisidir...

- Bu filmə dəvət mənim üçün gözlənilməz oldu. Amma tələbə ikən, 1990-cı ildə bu hadisələrin içində olanda da, bir il sonra Vilnüs şəhərində eyni hadisələrin içərisinə düşəndə də içimdə həmişə bir istək, eyni zamanda bir inam vardı ki, məni nə vaxtsa bu mövzulu bir filmə çəkəcəklər. Gözlərimin önündə o qədər dəhşətlər olub ki... O ki qaldı “Qanlı Yanvar” filminin necə alındığına... Bunu mən yox, siz tamaşaçılar deyə bilərsiz.

- Məşq prosesi çox ağır olub. Çünki bu bir tarixi filmdir. Çətinlik çəkdinizmi?

- Bu rola məni bir neçə dəfə düşdüyüm və iştirakçısı olduğum olaylar hazırlamışdı. Eyni zamanda rejissor Vahid Mustafayevin işgüzarlığı və aktyordan tələbləri nəticəsiz qalmadı. O hətta bizimlə bir yerdə bu filmdə debüt edən gənclərə xüsusi diqqətlə yanaşır, rollarının mükəmməl olması üçün çox əziyyət çəkirdi.

- Nebahat xanımla eyni filmdə oynamaq necə bir hiss idi?

- Nebahat xanımla eyni filmdə oynamaq çox xoş oldu. Bir vaxt yatsaydım, heç ağlıma da gəlməzdi ki, belə bir məşhur insanla bir yerdə filmə çəkiləcəyəm. Bu hissləri Həmidə Ömərova ilə “Ultionis” filminə çəkilərkən də keçirmişdim. Nebahat Çehre ilə Həmidə Ömərova bir-birlərinə daxilən çox bənzəyirlər. Onunla tez bir zamanda dostlaşdıq. O da mənim oyun tərzimi çox bəyəndi. Ümumiyyətlə, Nebahat xanım bizim aktyorlardan razılıq edirdi. Filmdə çəkilərkən mən qarşımda “Möhtəşəm yüz ilin” Validə Sultanı Nebahat Çehreni deyil, Nəcəf Nərimanovun anasını görürdüm. Çünki bu başqa cür olsaydı, nəticədə Nəcəf-ana münasibəti deyil, Nebahat Çehre - Faiq Mirzə münasibəti yaranacaqdı.

- Filmin təsirindən neçə müddətdən sonra çıxa bildiniz?

- Rolun və filmin təsirindən heç vaxt çıxa bilməyəcəm. Çünki hələ də o dəhşətli hadisələrin təsiri altındayıq. Bu bizim qan yaddaşımızdır. Qana yazılansa cana hopur. Canımızdansa hələ də o ağrı çıxmayıb.

- Siz daha çox xarici aktyorlara bənzəyirsiz...

- Məni daha çox Avropa və Amerika aktyorlarına bənzədirlər. Nebahat Çehre də elə bilmişdi ki, fransız aktyoruyam, danışanda azərbaycanlı olduğumu bilib təəccüblənmişdi. Ona görə də adətən əcnəbilərdən dəvət alıram. Amma unutmasınlar ki, mən şeytan aktyoram, bir gecənin içində “qapqara” olub, zəncini də oynayaram (gülür). Təki yaxşı ssenarilərimiz yazılsın, filmlərimiz ərsəyə gəlsin.

- “Yumurta” filmində isə başqa bir ampluada sizi gördük...

- “Yumurta” filminə çəkilərkən heç bir çətinliyim olmadı. Çünki teatrda Emin Mirabdullayevin quruluşunda “Məlikməmməd” tamaşasında şeytan obrazını oynamışdım. Özü də teatrın rus bölməsində. Tələbə ikən sənət müəllimlərimizdən biri, ölməz sənətkarımız Məlik Dadaşov mənə şeytan aktyor demişdi. Mən o vaxt bu sözü başa düşməyib, ondan incimişdim. İzah etmişdi ki, şeytan aktyor ampluası olmayan aktyordur. Belə aktyorlar komik, dramatik, faciəvi rolları oynaya bilirlər. O özü müxtəlif səpkili obrazların öhdəsindən necə gəlirdisə, mənə də elə dəyər vermişdi. Odur ki, mən heç vaxt rollarımı seçmirəm.

Əli Rəhimoğlu
Milli.Az