Daha bir neçə gün ötdü və sosial mediada “cavab” videosu yayıldı. Yenə də sifət cizgiləri görünməyən insan bu dəfə eyni eksperimenti möhürlə deyil, şotka ilə “həyata” keçirdi. Guya Kərbəla şotkası digərlərindən daha üstündür və s. Bir sözlə - məlum məzhəb davamçıları təhqir olundu.
Bəlkə də bu hadisələrin üstündən ötüb keçmək, diqqət yetirməmək mümkün idi. Əgər olay dini cameədəki xoşagəlməz tendensiyanın tərkib hissəsi olmasaydı.
Əvvəla qeyd etmək istərdik ki, zərrə qədər Kərbəla torpağının fəziləti, Kərbəla türbətinin möcüzəvi xüsusiyyətlərinə şübhə etmirik. Bunu bir aksiom kimi qəbul edək. Daha sonra isə şotka videosuna yazılan şərhlərə keçək. Qəribədir ki, əksər dindarlar paylaşanları Allahın qəzəbi ilə hədələyir, onlara lənət oxuyur. Halbuki, hələ birinci video paylaşıldıqda buna reaksiya vermək, düzgün qiymətləndirmək lazım idi. Məgər Kərbəla torpağı, imam Hüseyn (ə) belə ucuz tryuklara ehtiyac duyurlar? 14 əsrdir Kərbəla məktəbi, şəhidlərin məhəbbəti müsəlmanların qəlbində yaşayır. Məgər mobil telefon “möcüzəsi” bunu daha da artıracaqdı? Əlbəttə ki, yox.
Məsələ burasındadır ki, elə ilk videonu da, “şotka” videosunu da eyni müəllifin ərsəyə gətirməsi mümkündür. Məqsəd - ənənəvi məzhəbləri təhqir etmək, cəmiyyətdə təkfir ideologiyasını yaymaq. Və atılan bu qarmaq çox asanlıqla dini cameə tərəfindən “uduldu”: müxtəlif şərhlər, salavatlar, şüarlar. Halbuki, bu iddianın sadə cəfəngiyyat olduğunu anlamaq və yoxlamaq elə də çətin deyildi: telefonun sensoru istər Kərbəla, istər İran, istərsə də Bakı torpağına eyni reaksiya verir. Bu hələ harasıdır? Biz 50 qəpiklə də, başqa mobil telefonla da sensoru “oyada” bildik. Amma dindarlar sözügedən videonu yaydılar, şüurlu və ya şüursuz şəkildə təxribata vasitə oldular.
Eyni zamanda dini cameədə cahilliyin və mövhümatın at oynatmasını sübuta yetirdilər. Hətta möhürlərlə bağlı videonu bu “möcüzəyə” inamı olan kəs hazırlasa belə, bunu yaymaq yenə cəhalət və dar düşüncənin bariz nümunəsidir. Bəli, indi 21-ci əsrdir, informasiya əsridir, hər şey müasirləşir. Amma dini müasirləşdirmək, Allahın mövcudluğunu, Quran, Peyğəmbər və Əhli-Beytin möcüzəsini guya elmi dəlillərlə sübut etmək naminə şəxsi təşəbbüs göstərərək həm dini, həm də dindarları məsxərəyə qoymaq yolverilməzdir. Unutmayaq ki, hər əmələ görə Qiyamətdə cavab veriləcək. Düşmənlərin təxribatına uymamaq, dəyirmanlarına su tökməməklə yanaşı özümüz də qafilliyimiz, elmsizliyimiz və nadanlığımız üzündən özümüzü məhv edən baltaların sapına çevrilməyək.
İslam.az