Bakı, 17 mart, AZƏRTAC
UNESCO üzrə Azərbaycan və Moldova respublikalarının milli komissiyaları tərəfindən həyata keçirilən “Bir-birimizi duyaq və dinləyək” layihəsi çərçivəsində “Azərbaycan nağılları moldovalı uşaqların gözü ilə” kitabı çap olunub.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AZƏRTAC-a bildirilib ki, kitab moldovan dilində nəşr edilib. Kitaba “Məlikməmməd”, “Cırtdan”, “7 şam”, “Ailə ocağının sirləri” kimi Azərbaycan nağılları daxil edilib. Kitab Moldovanın UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə daxil olan məktəb, lisey və gimnaziyalarında təhsil alan şagirdlər tərəfindən bu nağıllara çəkilmiş illüstrasiyalarla zənginləşdirilib.
Azərbaycan-Moldova mədəni dostluğunu əks etdirən kitablar Moldovanın milli kitabxanaları, məktəb, lisey, gimnaziya və digər tədris ocaqlarına paylanılıb.
Kitabın təqdimat mərasimində iştirak edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və Azərbaycan nümayəndə heyəti onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlar üçün Moldova Respublikası Onkoloji Mərkəzinin nəzdində UNESCO üzrə Moldova Respublikasının Milli Komissiyasının dəstəyi ilə yaradılan tədris mərkəzi ilə tanış olub, uşaqlara kitablar hədiyyə ediblər.



