Bakı, 17 mart, AZƏRTAC
Moldovanın paytaxtı Kişineu şəhərində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva ilə Moldova Respublikasının mədəniyyət və turizm naziri Monika Babuk arasında görüş keçirilib.
Görüş UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO üzrə Moldova Respublikasının Milli Komissiyası tərəfindən həyata keçirilən “Bir-birimizi duyaq və dinləyək” layihəsi çərçivəsində reallaşıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Moldova arasındakı mövcud əlaqələrinin inkişafı, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir M.Babuk Milli Komissiyalar arasında həyata keçirilən layihəyə dəstək verdiyi üçün Azərbaycan tərəfinə təşəkkür edib. O, Azərbaycanın zəngin mədəni irsə malik olmasından, həmçinin ölkəmizin hərtərəfli inkişafından və mədəniyyətlərarası dialoq sahəsində nailiyyətlərindən söz açaraq bu inkişafın ölkələrimiz arasındakı işbirliyi imkanlarını genişləndirdiyini bildirib. Eyni zamanda, ötən illərdə Azərbaycanda Moldova mədəniyyəti günlərinin, Moldovada isə Azərbaycan mədəniyyəti günlərinin təşkil olunmasını yüksək qiymətləndirib. Belə tədbirlərin təşkilində Azərbaycan səfirliyinin rolunu vurğulayan natiq Moldovanın ölkəmizlə mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Nazir cari ilin mayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda məmnuniyyətlə iştirak edəcəyini də dilə gətirib.
Günay Əfəndiyeva təmsil etdiyi Milli Komissiyanın UNESCO üzrə Moldova Respublikasının Milli Komissiyası ilə UNESCO-nun əhatə etdiyi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etdiyini və “Bir-birimizi duyaq və dinləyək” layihəsinin də bunun bariz nümunəsi olduğunu qeyd edib.
G.Əfəndiyeva ölkəmizin müxtəlif sahələrdə inkişafından, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən bir sıra irimiqyaslı beynəlxalq layihələrdən söz açıb. Bildirib ki, Azərbaycan son illər Bakı Beynəlxalq Humanitar və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına uğurla ev sahibliyi etməkdədir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda xüsusilə təqdir edildiyini vurğulayıb.
G.Əfəndiyeva UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ölkələrimiz arasında mövcud əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinə dəstək verəcəyini bildirib.
Görüşdə Azərbaycan Respublikasının Moldovadakı səfiri Namiq Əliyev iştirak edib.
