Milli Məclisin bu gün keçirilən iclasında baş naziri Artur Rasi-zadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edib.

ANS PRESS-in məlumatına görə, baş nazir Artur Rasi-zadə parlamentdə çıxışında Azərbayca Ermənistan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib. O bildirib ki, danışıqlar təəssüflər olsun ki, ötən il də heç bir nəticə verməyib:

“Ermənistanın tutduğu mövqe status-kvonun saxlanılmasına, məsələnin həllinin qeyri-müəyyən vaxta uzadılmasına səbəb olur. Prezident, Ali baş komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır. Son zamanlar hərbçilərimizin erməni silahlı birləşmələrinin təxribatlarına verdiyi tutarlı cavablar Azərbaycan ordusunun böyük gücünün olmasına əyani sübutdur”.

Baş nazir həmçinin qeyd edib ki, hərbi quruculuqlarla bağlı vəziyyət bütün orqanların daim diqqət mərkəzində olmalıdır: “Sevindirici haldır ki, artıq bu qayğını görmək mümkündür. Silahlı Qüvvələrə Yardım Fonduna ayrılan vəsaitlər ilbəil artır”, - deyə hökumət başçısı vurğulayıb.
Mənbə
ANS PRESS