Bakı, 16 mart, AZƏRTAC 
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev martın 16-da UNICEF-in regional direktoru xanım Mari-Piyer Puarye ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazirin müavini Azərbaycan - UNICEF əməkdaşlığının tarixindən, əlaqələrin ötən illər ərzində tamamilə yeni keyfiyyət kəsb etdiyindən danışıb. Azərbaycanın UNICEF-dən yardım alan ölkədən UNICEF-ə yardım edən ölkəyə çevrildiyini diqqətə çatdıran Elçin Əfəndiyev bundan sonra da əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Baş nazirin müavini Azərbaycanın son illər xüsusilə inkişaf etdiyini, regionun lider dövləti olduğunu vurğulayıb. Eyni zamanda, bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyon həmvətənimizin, o cümlədən 10 minlərlə uşağın uzun illər boyu qaçqın vəziyyətində yaşaması insanları ciddi maddi, mənəvi sıxıntılara məruz qoyub, hafizələrində unudulmaz, kədərli izlər buraxıb. Dünənki qaçqın uşaqlar bu gün artıq valideyndirlər və onların övladları hələ doğma yurdu görməyiblər və oralar ata-baba ocağına qayıtmaq həsrəti ilə yaşayırlar.
Mari-Piyer Puarye deyib ki, Azərbaycan regionun inkişaf etmiş ölkəsi kimi uşaqlara qayğı sahəsində də çox uğurlara imza atıb və biz istəyirik ki, Azərbaycanın bu sahədəki, xüsusilə məktəbəqədər uşaqların hazırlığı işindəki qabaqcıl təcrübəsini regionda yayaq. Bu məqsədlə qarşıdakı 5 il üçün müvafiq proqramın layihəsi hazırlanıb və yaxın vaxtlarda rəy üçün Azərbaycan hökumətinə təqdim ediləcək.
Görüşün sonunda Elçin Əfəndiyev Azərbaycan hökumətinin UNICEF-lə bundan sonra da əməkdaşlıq şəraitində çalışmaq istəyində olduğunu qeyd edib və təşkilatın regional nümayəndəliyinə uğurlar arzulayıb.