Rəsmi tarix kitablarında Rusiyanın monqol-tatar əsarətindən xilas olması kimi təqdim edilən Kulikovo döyüşü əslində müasir Rusiya ilə Ukrayna arasında ilk savaş olub.

ANS PRESS-in məlumatına görə, dəqiq tarixi mənbələr 1380-ci ildə Kulikovoda Moskva knyazı Dmitri Donskoy ilə döyüşmüş Mamayın əslində Qızıl Orda hakimi deyil, yeni formalaşmaqda olan Ukraynanın qoşunlarının başçısı olub.

Əslində, kiyat soyundan olan Mamay Çingiz xanın törəməsi deyildi və formalaşdırdığı çoxmillətli ordu ilə Qızıl Ordada hakimiyyəti ələ keçirmək istəyirdi. Bu işdə ona Çingiz xanın birbaşa varisi Toxtamış və Türküstan hökmdarı Əmir Teymur mane olub. Əslində, 1380-ci ildə Dmitri Donskoyun Mamaya qarşı döyüşünü Toxtamışa dəstək kimi qəbul etmək olar. Poltavada yaşayan Mamayın ordusunda müasir Ukraynanın ərazisində yaşamış və ukraynları formalaşdırmış bütün xalqlar - qıpçaqlar, sarmatlar, çerkeslər, romanlar, bir sıra rus knyazları və Litva ordusu təmsil olunurdu.

Kulikovo döyüşündə zəifləmiş Mamayın ordusu 1381-ci ildə Toxtamış tərəfindən darmadağın edildi. Mamayın Qlinski soyadı daşıyan törəmələri isə Ukrayna ərazilərini Litva knyazlığına tabe edərək müasir Ukrayna xalqının formalaşmasına rəhbərlik etdilər. Ukrayna nağıllarında Mamay Kozak adı ilə xatırlanan Mamay isə Ukrayna xalqının müstəqilliyinin və Moskvaya qarşı mübarizəsinin simvoluna çevrildi.

Mamayın törəməsi Mariya Qlinskaya rus çarı İvan Qroznının anası idi və Qroznının tatar xanlıqlarına qarşı düşmən münasibətinin kökündə babası Mamayın intiqamı dururdu.
Mənbə
ANS PRESS