Bakı, 16 mart, Türkan Abdullayeva, AZƏRTAC
Bildiyimiz kimi martın 16-sı dünya şöhrətli Azərbaycan pianoçusu, bəstəkar, caz-muğam janrının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür. Bu münasibətlə AZƏRTAC-ın müxbiri Vaqif Mustafazadənin ev-muzeyin direktoru, sənətkarın adını daşıyan xeyriyyə fondunun sədri, eyni zamanda görkəmli pianoçunun qohumu Afaq Əliyeva ilə görüşüb, söhbət edib.
Dünya şöhrətli pianoçu ilə bağlı xatirələrini bölüşən A. Əliyeva deyib: “Cazla muğamı sintez etmək böyük bir hadisədir. Hər bir caz musiqiçisi yenilik etmək üçün daim axtarışda olur. 1969-cu ildə Gürcüstandan Azərbaycana qayıdan Vaqif Mustafazadə “Bakı-1969” caz festivalında iştirak edir. Vaqif səhnəyə çıxır, hamı onu alqışlayır. Hər kəs Vaqifi çox sevirdi. Bakılılar çox sevindi ki, Vaqif Mustafazadəni yenidən səhnədə gördülər. Festivalda Vaqif Mustafazadə ifa etməyə başlayır. Onun “76” adlanan bir kompozisiyası var. Əsərdə 76 takt olduğuna görə belə adlanır. Vaqif bu caz kompozisiyasını ifa edərkən birdən-birə “Bayatı Şiraz” muğamına keçir. Bununla da Vaqif cazla muğamı sintez edə biləcəyini anlayır”.
Afaq Əliyeva musiqinin sirlərini ilk olaraq anası Zivər xanımdan öyrənən Vaqif Mustafazadənin qızı Əzizənin müəllimi olduğunu söyləyib. Bildirib ki, bu gün Vaqif Mustafazadənin yolunu davam etdirən Əzizə 7-8 yaşında Tbilisidə keçirilən caz festivalında laureat olub.
Vaqif Musatafazadə ilə bağlı unudulmaz xatirələrini söyləyən A.Əliyeva deyib: “ Mən tələbə olarkən onlara tez-tez gəlirdim. Vaqif musiqiçilərlə məşq edirdi. Mən gələndə pianonun arxasından qalxıb deyirdi ki, məşq bitdi, bacım gəlib”.
Bu gün Vaqif Mustafazadə irsini qoruyub saxlayan ev-muzeyində Azad Zeynalovun yaratdığı pianoçunun heykəli, Ömər Eldarovun tişəsinə məxsus olan sənətkarın işıqlandırılmış barelyefi, rəssam Asim Quliyev yaratdığı Vaqif Mustafazadənin heykəltəraşlıq portreti və qalvanik portreti, həmçinin musiqiçinin və onun qızı Əzizənin portretləri nümayiş etdirilir. Hazırda muzeydə 150-dən çox foto, həmçinin afişalar, kino və videomateriallar, diplomlar, sertfikatlar, val və fotoalbomlar saxlanılır.
Ev-muzeyi tərəfindən çoxlu tədbirlərin keçirildiyini vurğulayan muzeyin direktoru Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun çox işlər gördüyünü söyləyib.
Amansız ölümün Vaqifi tez apardığını söyləyən Afaq Əliyeva deyib: “Təbii ki, Vaqif çox şeylər etmək istəyərdi, amma qismət olmadı. Buna baxmayaraq o, çoxsaylı ölməz əsərlər qoyub getdi”.