“Yaxın adamların toyunda oynayıram, amma yaslarda dil deyib bərkdən ağlaya bilmirəm”

Sən demə, bir vaxtlar Tovuz rayonunda məskunlaşmış almanlar rayonu “Traubenfield” adlandırırlarmış.  Bəs bu almanlar haradan peyda olmuşdular?
Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazisinə, o cümlədən ölkəmizin qərb bölgəsinə ayrı –ayrı xalqların köçürülmə siyasətinə başlayıb. Onların arasında almanlar da var idi.
 

1817- ci ildə Qafqazda rus qoşunlarının baş komandanı Yermolov Cənubi Qafqazda səkkiz alman koloniyasının yaranmasına icazə vermişdi. Onlardan ikisinin əsası  Azərbaycanın qərb bölgəsində qoyulmuşdu. Burada məskunlaşan almanlar sonradan ölkəmizin müxtəlif bölgələrində, eləcə də Tovuza yerləşdirilmişdi.
Beləcə, Tovuz rayonuna köçürülən almanlarla yerli əhali qaynayıb –qarışmış, abadlıq – quruculuq işləri ilə məşğul olmuşdular. Tovuzda 30 metr dərinlikdə zirzəmisi olan şərab zavodu inşa etmiş, Axınca çayı üzərində ilk SES quraşdırmış, Tovuzda alman ənənələri ilə “Qafqazın Braziliyası” adlandırılan  ilk futbol komandası yaratmışdılar.
Hazırda rayonda indiyə qədər onların adı ilə bağlı səkkiz küçə, bir park və qəbiristanlıq da var.
 

Almanlar burada yaşadığı vaxtlardan özlərini yerli sakinlərdən kənar tutmamış, qohumluq əlaqəsi yaradaraq qız alıb qız vermişlər.
Azərbaycana səpələnən almanlar Gədəbəy, Daşkəsən və Xanlar rayonlarında filiz hasilatı ilə məşğul olmuş, daş-sement və yağ-pendir istehsalı və şərab zavodları inşa etmişlər. 1918-ci ildə Azərbaycan ərazisində yaşayan almanlar buraya köçürülmələrinin yüz illiyini və müstəqil Azərbaycanın (AXC-nin) yaranmasını təntənə ilə qeyd etmişlər. Qafqazda ilk dəmiryolunun inşası da bu dövrdə yaşamış almanlara aiddir.

Bu tarixi xatırladıqdan sonra indi Tovuzda tək – tük gözə dəyən bir alman ailəsi ilə görüşməyi qərara aldım.
Dostum Çingiz Qəriblinin bələdçiliyi ilə həyat yoldaşı azərbaycanlı olan alman qadını Lidiya xanımın evinə getdik. Bizi alman xanımın həyat yoldaşı İdris müəllim qarşıladı.
Biz gəlişimizin səbəbini açıqlayıb Lidiya xanımla söhbətə başladıq.


- Lidiya xanım, Almaniyadan ötrü darıxırsınızmı?

- Mən Almaniyanı haçan gördüm ki? Anam alman, atam isə rusdu. Valideynlərim əvvəl Altayda yaşayıb, ikinci dünya müharibəsi ərəfəsində Qazaxıstana sürgün edilib. O zaman Stalin Rusiyanın müxtəlif bölgələrində yaşayan alman əsilli vətəndaşları Orta Asiya çöllərinə sürgün edirdi.
 

Anamın söylədiyinə görə, onları yük qatarlarına doldurub Qazaxıstan çöllərində taleyin ümidinə buraxmışdılar. Mən
 

- 1949-cu ildə doğulmuşam. Ailədə üç bacı, üç qardaş olmuşuq...

- Bəs indi doğmalarınız haradadı?
 

- Ailəmizin bütün üzvləri 1998- ci ilə qədər Almaniyaya köçüb getdilər. Atam orada vəfat elədi. Anam və bacı –qardaşlarım hazırda Almaniyada yaşayırlar.

- Sirr deyilsə, Almaniyanın harasında məskunlaşıblar?

- Hamburq şəhərində yaşayırlar.

-  Əlaqə saxlayırsınızmı?

- Bəli, saxlayırıq. Əlaqəmiz telefon və internet vasitəsilə baş tutur.
 

- Bəs sonuncu dəfə onlarla nə vaxt görüşmüsünüz?

- Anamın dəvəti ilə 2004 - cü ildə Almaniyaya getmişəm. Təxminən bir aya yaxın orada qaldım.

- Ümumiyyətlə, birdəfəlik Almaniyaya köçüb getmək niyyətiniz olubmu?

Bu yerdə İdris müəllim söhbətə qarışır:

- Aramızda dəfələrlə belə söhbətlər olub. Mən həmişə Almaniyaya getməyin tərəfdarı olmuşam. Özüm ixtisasca fizikəm, iki universitet bitirmişəm. Elektronika üzrə iki elmi kəşfim var. Qayınlarım mənim Almaniyada yaşamalı olduğumu deyirlər.
Çox düşünüb –daşındıqdan sonra nəhayət, 2001 – ci ildə ailəvi şəkildə Almaniyaya köçmək qərara gəldik. Almaniya səfirliyi orada yaşamaq üçün yalnız ikimizə - Lidiya xanıma və mənə icazə verdi. Çox çək-çevirdən sonra nəvələrdən yalnız birini özümüzlə aparmağa razılaşdılar.

- Neçə övladınız var?
 

- Dörd övladımız, yeddi nəvəmiz var.
 

Söhbətin bu məqamında Lidiya xanım özünü saxlaya bilmədi:

- Balalarım, nəvələrim yanımda olmayandan sonra Almaniya nəyimə gərəkdi? Mən tovuzluyam, ölüüüm. Tovuzlu kimi də öləjəm.
 

- Bəs Almaniyadakı doğmalarınız sizi çəkmirmi?

- Məni o torpağa yalnız qoca anam bağlayır.

- Maraqlıdı, İdris müəllimlə necə tanış olmusunuz?

- Biz Qazaxıstanda yaşayanda qonşuluğumuza Bakıdan alverçi bir qadın gəlib –gedirdi. İstiqanlı və mehriban bir insan idi. İlk dəfə onunla Bakıya işləmək məqsədilə gəldim. O vaxtlar Bakıda qeydiyyatı olmayanlar normal işlərdə çalışa bilməzdilər. Qeydiyyat məsələsi isə çox çətin idi, ağır işlərdə çalışmaqdan başqa əlac yox idi. Mən dəmir-beton zavodunda işə düzəldim. İdris müəllim o zavodda briqadir kimi çalışırdı. Beləcə, tanış olduq, biri-birimizə yaxından bələd olduqdan sonra 1976-cı ildə ailə qurduq. O vaxta kimi mən Lidiya Baver idim, evləndikdən sonra Lidiya Babayeva oldum.

Bu yerdə İdris müəllimdən soruşuram:

- Müəllim, alman xalqı dünyada öz dəqiqliyi ilə məşhurdur. Maraqlıdı, Lidiya xanım bu məsələdə daha çox almandı, yoxsa azərbaycanlı?

İdris müəllim gülərək:
 

- Lidiya xanım belə məsələlərdə xalis almandı. Dəqiq, düzgün, yalan və qeybət bilməyən, var – dövlətdə tamahı olmayan bir insandı. Bir dəfə də olsun, hansısa qonşu ilə sözünün çəpləşdiyini görməmişəm. Yeri gəlmişkən, deyim ki, Azərbaycan mətbəxini də yaxşı bilir.

Yenidən üzümü Lidiya xanıma tuturam:
 

- Bəs bizim toy – yas mərasimləri ilə aranız necədi? Məsələn, toyda oynayırsınızmı?

- (Gülür) Lap yaxın adamların toyunda oynayıram. Evdə hərdən nəvələrim mənim oynamağımı yamsılayıb gülürlər.
 

- Yas yerlərində necə, ağlayırsınızmı?

- Dil deyib, bərkdən ağlamıram. Ölümünə ağrıdığım adam üçün evdə, xəlvətcə ağlayıram.

- Baxıram ki, əsl tovuzlu kimi danışırsınız. “Gəleyrəm, gedeyrəm”...

- Övladlarım haralıdı, mən də oralıyam. Tovuzluyam, tovuzlu kimi də danışıram.