Müğənni Elton Con və bir sıra tanınmışlar Domeniko Dolçe ilə Stefano Qabbananın məşhur brendi “Dolce & Gabbana” məhsullarını boykota çağırıblar.

Axşam.az “Panorama”ya istinadən xəbər verir ki, homoseksual dizaynerlərin eynicinslilərin nikahından doğulan uşaqlar haqda söylədikləri məşhurları hirsləndirib. Domeniko və Stefano açıqlamalarında surroqat ana vasitəsilə doğulan körpələri “sintetik” adlandırıblar:

“Uşağın anası və atası olmalıdır. Surroqat ana vasitəsilə doğulan körpələri biz kimyəvi, sintetik bir şey hesab edirik. “Ananı kirayə götürmək” düzgün hərəkət deyil. Biz də homoseksualıq. Bizim uşağımız dünyaya gələ bilməz. Dəyişməməli olan bəzi anlayışlar var ki, onlardan biri də ailədir”.

Bu açıqlamalardan sonra ilk reaksiyanı həmcinsi Devid Fernişevlə evli olan və surroqat anadan iki oğlu dünyaya gələn müğənni Elton Con verib. O, sosial şəbəkədə yazıb:

“Siz mənim gözəl uşaqlarımı necə sintetik adlandıra bilərsiniz? Siz bu açıqlamalarınızla bir-birini sevən və uşaq sahibi olmaq istəyən homoseksualların arzularını ələ salırsınız. Fikirləriniz də kolleksiyanız kimi köhnədir. Bir daha heç vaxt “Dolce & Gabbana”dan geyinməyəcəm”.



Məsələyə həmcinsi ilə evli olan Riki Martin də səssiz qalmayıb:

“Dolçe və Qabbana, sizin avazınız xoş gəlir. Ancaq özünüzü ələ alın! Artıq 2015-ci ildir”.



Amerikalı prodüser-ssenarist Rayan Mörfi də boykot çağırışı edənlərdən olub:

“Bu dizaynerlərin dəhşətli fikirləri heç vaxt dəbə düşməyəcək. Geyimləri də özləri kimi eybəcərdir”.



Musiqiçi-aktrisa Kortni Lav isə qarderobunu ““Dolce & Gabbana” markasının geyimlərindən təmizləyəcəyini yazıb:

“Bu brenddən olan bütün geyimlərimi yandırmaq qərarına gəlmişəm. Daha sözüm yoxdur! Bu hissiyatsız ikiüzlüləri boykot edirəm!”.



Domeniko və Stefano isə bütün bu yazılanlardan sonra belə bir açıqlama ilə çıxış ediblər:

“Biz demokratiyaya inanırıq və fikri sərbəst ifadə etməyi onun bir qolu sayırıq. Sadəcə öz baxışlarımızı bölüşdük və digər insanların seçimini müzakirəyə qoymadıq. Biz azadlığa və sevgiyə inanırırq”.