Mətbuatda müğənni Nadir Qafarzadənin "Azad Azərbaycan" telekanalına qadağa qoyulması barədə xəbər yayılıb
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən ifaçı deyib ki, ATV telekanalında ona qadağa qoyulması xəbəri həqiqəti əks etdirmir: “Artıq bir neçə gündür ki, ATV telekanalında mənə qadağa qoyulması barədə xəbərlər yayılıb. Məlumatın nə qədər doğru olub-olmadığını bilən və ya bilməyən hər kəs bu barədə danışır. Amma bu yanlış məlumatdır. Mənə Azərbaycanda heç bir telekanal, o cümlədən ATV telekanalı qadağa qoymayıb. Belə deyim də, düşmənlərim sevinməsinlər.

Mənə "Azad Azərbaycan" telekanalının rəhbərliyi tərəfindən qadağa yoxdur. Onların mənə, mənim də qarşı tərəfə böyük hörmətim var. Onlar bəzi cılız insanların düşündüyü qədər aciz deyillər ki, Azərbaycan oğluna səbəbsiz və ya kiməsə görə qadağa qoysunlar. Belə bir atalar sözü var: "Yalan ayaq tutar, amma yeriməz". Ona görə də mənim sənətimə dəyər verən insanlar narahat olmasınlar".

Qeyd edək ki, bir neçə gün öncə ATV-nin “Gün üzü” verilişinə qonaq olan N.Qafarzadə verilişi yarımçıq tərk etmişdi. Buna səbəb, onun Azərbaycan əsilli müğənni Sami Yusif barəsində dediyi fikirlərin canlı efirdə yarımçıq kəsilməsi olmuşdu.

Milli.Az