Qazax, 16 mart, AZƏRTAC
Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris edilən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti dərs rayonun Hüseynbəyli və Xanlıqlar kənd tam orta məktəblərinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Tarix müəllimi Yeganə Qasımova tərəfindən tədris olunan dərsdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev müstəqilliyini yenicə bərpa edən Azərbaycanı bir çox təhlükələrdən xilas etdi, düşünülmüş siyasət nəticəsində sosial-iqtisadi inkişafın əsasları qoyuldu.
Bildirilib ki, dahi şəxsiyyətin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan daha böyük uğurlara imza atır, inkişaf edir və qüdrətli dövlətə çevrilir.
Tədris zamanı şagirdlər Ulu Öndər haqqında sənədli filmə də baxıblar.