Məşhur türk yazıçısı Rəşad Nuri Güntəkinin “Damğa” əsərinin qəhrəmanı, cavanlıqda sevdiyi qadına görə oğurluq damğasını üstünə götürməyə razı olan İffət bəy uzun illər sonra həbsxanadan cıxır və cavanlığını qurban verdiyi qadınla rastlaşır. O, qarşısında dişlərini qızıllatmış, məramı ancaq pul qazanmaq olan alverçi görür. İffət bəy itən gəncliyinə, üstəlik, ömürlük onunla yol-yoldaşı olacaq damğaya görə hansı hissləri keçirir? Yazıçı, sadəcə olaraq, görüş səhnəsini təsvir etməklə, bu hissləri romanın bütün oxucularına “ərməğan” edir.
 
Güntəkinin başqa bir məşhur əsəri də Azərbaycan oxucusuna tanışdır: “Dodaqdan qəlbə”. Uşaq adlana biləcək qədər gənc olan Lamiyə ilk sevgisinə görə sonrakı həyatında hansı ağrıları çəkməli olur? Amma illər sonrası romanın sonunda ilk sevdası ilə qarşılaşan Lamiyədə həmin hisslərdən nə qalmışdı - sadəcə, təəssüf...
 
Türk yazıçısını dünyada məşhur edən əsərlərindən olan bu iki romanın belə fərqli sonluqla bitməsi heç də oxucu toplamaq üçün düşünülmüş gedişlər deyildi. Yazıçı insanı təbii halından çıxaran hissin - sevginin bitəcəyi günü xatırlatmaq istəyirdi oxucuya. “Elə yaşa ki, sevgi bitəndə yerində dərin peşmançılıq qalmasın” deyə mesaj verirdi. Bu əsərlərin dünya çapına çıxa bilməsinin sirri elə ibrətamiz və gözlənilməz sonluqlarda idi. Zaman soyuq su kimi odlu sevgilərin üstündən keçəndən sonra o sevgilərin yerində qara kül qalır. O ocaqda yanıb kül olan gəncliyi, məhv olan taleləri isə geri qaytarmaq olmur.
 
Sözsüz ki, dünya ədəbiyyatında buna bənzər ibrət verən əsərlər var, amma mənim nədənsə eyni yazıçının qələmindən çıxan bu iki əsər yadıma düşdü. Görünür, son günlər beynimdə gəzdirdiyim mövzu ilə - həbsxana və Lamiyə mövzusu ilə uyğunluqları olduğuna görə. Ən böyük oxşarlıq isə, zənnimcə, sonluqlardakı ibrətlərin eyni olmasıdır. Lamiyə Quliyevanın və keçmiş nişanlısı Vüqarın başına gələnlər, doğrudan da, böyük bir romanın mövzusudur. İndiyədək medianın ortaya çıxartdıqlarından məlum olan budur ki, Vüqar sevdiyi qızın başına gələn hadisədən xəbər tutanda emosional hərəkətlər edib. Qızı danışdırıb, səsini audio kasetə yazıb, Ruslanla görüşüb, “razborka” aparmaq istəyib və sairə. Lamiyə də eyni emosionallıqla günahsız olduğunu sevdiyi oğlana - Vüqara isbat etməyə çalışıb. Bunun üçün hətta qətl də törədib... Yəni baş verənləri təhlil etsək, görərik ki, əvvəldən axıradək, emosiyaların hökm etdiyi bir olaydır. Sonu da ki, bəlli...
 
Amma məsələni başqa cür, sakitliklə, təmkinlə də həll etmək olardı. Bununçün bir az düşünmək və yəqin ki, gözləmək lazım gələ bilərdi. Sevginin isə bu iki şeylə heç arası yoxdur: ağılla düşünmək və səbr etmək.
 
Bəs bu iki gənci qətlə, həbsxanaya sürükləyən o hiss, sevgi sonra hara aradan çıxıb? Necə olub ki, Vüqar, bir neçə ildən sonra başqası ilə evlənib? Axı Lamiyə məhz onu sevdiyi üçün özünün günahsız olduğunu sübut etməyə çalışmışdı? Özü də necə ağlasığmaz bir yolla? İndi həmin qız necə olur ki, sakit şəkildə “Vüqara da xoşbəxtlik arzulayıram” deyə bilir?.. Bax həyat budur, əzizlərim. Qoy şairlər sevgini ən ali hissdir deyə vəsf eləməkdə olsunlar, qoy yazıçılar qalaq-qalaq sevgi romanları yazıb, pul qazansınlar, işsiz arvadlar rejissorların belə necə bitəcəyini bilmədikləri seriallara baxıb, gözlərinin qorasını sıxsınlar... bunlar sizi çaşdırmasın.
 
Sevgilisinə qovuşa bilmədiyinə görə boğazına kəndir keçirib ömrünü yarıda qoymaq istəyən gənclər, südəmər körpələrini atıb qonşunun kişisinə qoşulub qaçan gəlinlər, doğma qardaşına, bacısına qənim kəsilən sevgi qurbanları!

Həyat o ekranlarda göründüyü kimi bərbəzəkli deyil. Sevgi deyilən o hiss ekstremal şəraitlərdə hiss olunmadan aradan çıxır. İnsanı əməlləri və həyatın amansız məntiqi ilə baş-başa buraxır. Lap şeytanın özü kimi!
 
Yeri gəlmişkən, Quranda da “sevgi və nifrət kimi şeytani hisslər” deyə bir ifadə keçir...
 
Qızılgül Abdin
Milli.Az