“Altı həftədən sonra Ermənistan və Türkiyə rəqib yadetmə mərasimləri – yüzillik ildönümlərini keçirəcək və beynəlxalq qonaq siyahısından kimlərin gəlib, kimlərin gəlmədiyini öyrənəcəklər”.
Milli.Az BBC-yə istinadən bildirir ki, bunu Carnegie İnstitutundan tanınmış politoloq və jurnalist Thomas de Waal yazır və əlavə edir ki, bu ziddiyyətdən asanlıqla yan ötmək olardı. Bir şərtlə ki, Türkiyə hökuməti Qalipoli döyüşünün ildönümünü bir gün sonra – aprelin 25-də keçirəydi.
Müəllif yazır ki, ermənilər “soyqırım” adlandırdıqları 1915-ci il erməni qətliamının yüz illiyini keçirməyə çoxdan hazırlaşırdılar.
Onlar bu yadetmə mərasimini ilk dəfə 1919-cu ildə, ingilislərin üsul-idarəsi altında olan İstanbulda keçirmişdilər.
Niyə məhz 24 aprel?
Məqalədə deyilir ki, 1915-ci il, aprelin 24-də Osmanlı hökuməti 200-dək erməni lideri və ziyalısını həbs etmişdi və bu, imperiyanın erməni əhalisinin kütləvi deportasiyası və qismən də dağılması üçün prelüdiya olmuşdu.
Bunun ertəsi gün, aprelin 25-də Britaniya imperiya qoşunları Avstraliya və Yeni Zelandiya (ANZAC) qüvvələri ilə Qalipoliyə desant çıxarmış və Osmanlı imperiyasını məğlub etməyə çalışmışdı.
Minlərlə əsgər öldürülmüş və həmin gün tarixə ANZAC günü kimi daxil olmuşdu. Thomas de Waalın fikrincə, elə məhz buna görə də türklər yadetmə mərasimi üçün aprelin 25-ni seçə bilərdilər.
O yazır ki, başqa bir alternativ 1915-ci ilin 18 martı ola bilərdi. Həmin gün Müttəfiqlər Boğazlara daxil olaraq müharibə kampaniyasına başlamışdılar.
Erdoğanın “siyasi səhvi”
Məqalədə deyilir ki, 1934-cü ilin 25 aprelində Mustafa Kemal Atatürk özünün çox təsirli çıxışını təqdim etmişdi.
O, düşmənlərin analarını göz yaşlarını silməyə çağırmışdı.
O demişdi ki, Johny-lərlə Mehmetlərin arasında heç bir fərq yoxdur və onlar burada “bizim torpağımızda yan-yana uyuyurlar”.
“Lakin yazır, - de Waal, - Türkiyə lideri Recep Tayyip Erdoğan Qalipolinin 100 illik yubileyi üçün Yerevanda keçiriləcək mərasimlə üst-üstə düşən 24 apreli seçib”.
Müəllifin fikrincə, belə etməklə Türkiyə prezidenti diqqəti və qonaqları ermənilərin yadetmə mərasimindən yayındırmağa çalışıb və beləliklə də, özünün keçən il etdiyi tarixi nitqinin üstündən xətt çəkib. O bu nitqlə aprelin 24-də ermənilərə başsağlığı verən ilk türk lideri olmuşdu.
Thomas de Waal bu hərəkəti “siyasi səhv” adlandırır.
Şahzadə Charles Qalipoli mərasiminə qatılacaq
“The Today Zaman” qəzeti isə fevralın 24-də xəbər verib ki, Qalipoli mərasimində iştirak üçün dəvəti yalnız beş ölkə qəbul edib və onlar da yüksək vəzifəli rəsmilər tərəfindən təmsil olunmayacaqlar.
Məqalədə qeyd olunur ki, əgər lap keçirilsə də, Qalipoli mərasimi beynəlxalq miqyaslı tədbir olmayacaq və yalnız altı ölkəyə - Türkiyə, Avstraliya, Fransa, Böyük Britaniya, Hindistan və Yeni Zelandiyaya aid hadisədir.
Müəllif yazır ki, Britaniya şahzadəsi Charles bu mərasimə qatılacaq, lakin məsələn ABŞ-dan vəzifəli bir qonaq olmayacaq.
Thomas de Waalın fikrincə, Qalipoli ilə erməni qırğınları arasında elə bir kədərli bağlılıq vardır ki, bu əlaqənin üstündən, ümumiyyətlə sükutla keçilməsi daha yaxşı olardı. Belə ki, 1934-cü ildə həmin təsirli çıxışı Atatürkün adından edən daxili işlər naziri Şükrü Kaya erməni deportasiyalarını həyata keçirmiş rəsmi şəxs idi.
De Waal yazır ki, Türkiyə hökumətindən bəziləri mərasimə Avstraliyanı dəvət etməmək barədə fikir söyləyiblər. Çünki Avstraliyada dövlət parlamenti “Erməni soyqırımı”na dair qətnamə qəbul edib.
İki mərasimi birləşdirən çarter reysləri
Ermənilər üçün isə aprelin 24-də Yerevana mümkün qədər çox qonağın gəlməsi mühümdür.
“Onlar bunu ucadan deməsələr də - yazır de Waal, - bu onlar üçün ABŞ Konqresinin soyqırımını tanımasından da mühümdür”.
Məqalədə qeyd olunur ki, ermənilər artıq Yerevan mərasimində Fransa prezidentinin iştirakını təmin ediblər və ola bilsin ki, bu mərasimdə ABŞ-ı dövlət katibi təmsil etsin.
Maraqlısı budur ki, elə həmin gün İstanbulun Taksim meydanında da “erməni soyqırımı”nın yadetmə mərasimi keçiriləcək.
Thomas de Waal yazır ki, xoşbəxtlikdən həm Yerevan, həm də İstanbul mərasimlərində iştirak etmək istəyənlər bunu edə biləcəklər.
Beləki, Yerevan və İstanbul arasında hava nəqliyyatını təmin edən şirkət xatirə günü üçün iki şəhər arasında xüsusi çarter reysləri təşkil edib.
Milli.Az