“SV ayrı aləmdi, öz əlin, öz başın”

Sənədlərimi təqdim edib pillələrlə qalxıram. Arxamca da uniformalı qadın. Boynundan asdığı şərflə qarnını örtməyə çalışsa da, hamilə olduğu ilk baxışdan bilinir. Əyilib əlimi uzadıram. Gülür.

 

- Narahat olmayın, alışmışam artıq.

 

- Yenə də, narahatam.

 

Qadın marağım üstün gəlir. İki daşın arasında.

 

- Neçə aylıqdı?

 

- Altı.

 

- Qızdı, yoxsa oğlan?

 

- Qız gözləyirik. Əsas da atası. Hərdən zarafatla deyir, birdən gələ oğlan ola?!

 

- Oğlan istəmir?

 

- Yooo, övlad övladdı. Amma nə bilim, ilkini qız istəyirik. Sonrası Allah kərimdi.

 

 

Aynurə Bakı - Ağstafa qatarında bələdçi işləyir. Doğumdan sonra da işinə davam etmək istəsə də, yoldaşı istəmir. Qaynanası həmkarıdı. Elə Aynurəni də ilk özü görüb bəyənib. Daha sonra oğluyla tanış edib. Xoşbəxt ailəsi var Aynurənin. Bunu onun gözlərinə baxanda görmək olur. Zarafat eləməyin, qayınanasında ürəkdolusu danışan neçə gəlin tanıyırsınız? Bəlkə də Aynurə onlardan biri, lap elə birincisidir ki, qaynana sarıdan yarıyıb.

 

 

Əlqərəz,  bugünkü yol yoldaşımız Aynurə Həsənovadır. Əslində, bu onun qızlıq soyadıdır. Bir ilə yaxındır ki, Şirinlidir. Özü, sözü kimi şirin Aynurə.

 

 

- Neçə ildi bələdçi işləyirsən?

 

- İyirmi üç yaşımdan.

 

- Çətin deyil?

 

- Gülür. Yox. Artıq beş ildi işləyirəm. Sevdiyim sənət olub. Uşaqlıqdan forma geyinmək istəmişəm. Biz Astaradanıq. Uşaqlıqdan qatarla tez-tez gedib gələrdik. Qohumlarım burda işləyirdilər. Vakant yer olan kimi mənə dedilər. Sənədlərimi təqdim etdim və qəbul oldum.

 

 

Bakı - Moskva, Bakı-Xarkov, Bakı-Tiflis qatarlarında işləyib. Ailə qurana qədər. İndi ancaq ölkə daxilində gedib gəlir. Uzağa qoymur yoldaşı. Özünə qalsa, uzaq yol getməsi sevir. “Maraqlıdı” deyir. Səbirli insan olduğunu da xüsusi qeyd edir. Suallardan bezmir Səbrlə cavablayır.

 

- Ola bilməz ki, səbir kasanızı daşıran sərnişininiz olmaya?

 

- Ancaq sərxoş sürücülər. Biz ancaq bir dəfə xəbərdarlıq edirik. Olmadı qatar rəisinə məlumat veririk. O da polisə. Sonrası daha bizim işimiz deyil.

 

- Tez-tez olur?

 

- Yooo. Çox nadir hallarda.

 

 

- Bəs oğrular necə, onlardan da olur?

 

- Olur. Bu yaxınlarda biri vardı. İki sərnişinin telefonunu oğurlayıb düşəndə peromda polis tutdu.

 

- Sərnişinlər ən çox nədən narazıdırlar?

 

- Qatar yaxşı getməyəndə sürətindən. Bir də istilik çox olanda. Az olanda da. İstəyərdik ki, səbrli olsunlar. Qatar yola düşən kimi dərhal şikayətə başlamasınlar. Bir qədər sonra istilik də düzələcək. Ən azından qışqırıq salmasınlar. Gəlib narazılıqlarını bizə desinlər. Küy salmaq olmaz axı. Digər sərnişinlər narahat olur.

 

- Hər gün onlarla sərnişin daşıyırsınız. Yerli və xaricilər. Üstünlük hanısnadı?

 

- “Avropa, Avropa” deyirik, amma onlar çox pinti olurlar. Fransızlar, almanlar, ingilislər vaqonu pis günə qoyurlar. Gürcülər də. Düzdü, bizimkilərdə də olanda olur. Fərq ondadır ki, fransıza, ingilisə başa salanda etmirlər. Onlarda vaqonu ayrıca adamlar təmizləyirr. Deyəndə ki, bizdə bələdçilər təmizləyir, daha səliqəli olurlar.

 

- Xarici dil birlirsiniz onda?

 

- Alman və rus. Mən işə başlayan vaxtlar əslində belə bir tələb yox idi. Amma yenilərdən xarici dil tələb olunur.

 

 

Kupe nə qədər rahat olsa da, bir müddət sonra adamın ürəyi darıxır. Dəhlizə çıxırıq. Bura daha işıqlıdı. Beş il az müddət deyil. Bu müddət ərzində ayda 5-6 dəfə olmaqla təqribən beş yüzə yaxın səfər edib. Minlərlə, bəlkə milyona yaxın sərnişin qəbul edib Aynurə. Ola bilməz ki, bu qədər səfər və sərnişinlər arasında xüsusi ilə yaddan qalanı olmasın.

 

Olub, təbii ki. Amma çox olduğundan bilmir hansından başlasın. Qatar rəisi köməyinə çatır.

 

- Aşıqlar!

 

 

Sən demə, Müslüm Maqomayevin nəvəsi dostları ilə Batumidən Bakıya qayıdanda Aynurənin reysinə düşüb.

 

- Altı dost idilər. 3 SV tutmuşdular. Aralarında biri dənə də aşıq vardı. Deyəsən, Tovuzdan idi oğlan. Yol boyu elə çalıb oxudular.

 

Sonra telefonundakı videonu göstərir. Qara qalın qaşlı bir oğlan sazı sinəsinə basıb elə oxuyur, elə oxuyur. Videonu çəkəndə xüsusən xahiş ediblər ki, amanın bir günüdü, sizə etibar edirik, amma çəkdiyiniz videonu “youtube”a qoymayın. Biabır olarıq. Aynurə də söz verib, verdiyin sözün də üstündə durub.

 

 

Qatarda hansı hadisə baş versə, adamı təəccübləndirər? Doğuş! Soruşuram. Gülür. Nadir hadisə olsa da, olub. Amma onların qatarında yox. Bu kimi hallar olarsa, növbəti stansiyaya xəbər verirlər. Orada təcili yardım çağırılır.

 

 

Axı bizim bələdçimiz də hamilədi. Hamilələrin qorxulu yuxusudu uzaq yola çıxmaq. Düzdü, kiçik ay olsa da, reysə çıxdığı hər an doğuş ola bilər. Məncə, hər bir qadın qatarda hamilə bələdçi görsə, bunu soruşardı.   

 

 

- Qatar silkələndikcə, narahat etmir səni?

 

- Yox, əksinə.

 

“Yox” deməklə qalsaydı anlayardım. Amma “əksinə” deyincə, gözlərimi bərəldirəm.

 

- Əksinə?

 

Bu dəfə gözüylə təsdiqləyir. Ardınca da gülüb, əliylə gözünə tökülən telini qulağının dalına atır. Bunu tez-tez edir. Hər dəfə də əlini çəkən kimi saçı yenə gözünə tökülür.

 

 

Hər yerdə olduğu kimi qatarın da yazılmamış qanunları var. Bildiyimiz kimi kupelər dörd nəfərlikdi. Əgər qadın üç kişinin arasında tək olarsa, bələdçilər onun yerini digər kupeyə dəyişir. Amma...

 

- Kişilər var ki, arvadını yola salanda xahiş edir ki, yanına yad kişi düşsə yerini dəyişək. Qadın da var, razılaşmır. Daimi müştərilərimiz var. Eləsi var görəndə, üzümüz gülür, eləsi də var görəndə “yenə gəldi” deyim ağzımızı büzürük. Deyir, qoy qalsın. Biz burda gündə yüz cür adamla rastlaşırıq. Yaxşısı da var, pisi də. Oğrusu da var, qatili də.

 

 

Camaatın tənəsindən qorunmaq üçün qatar gənc sevgililərin əvəzolunmaz sığınacağıdır. Əsas odur ki, pulları SV almağa çatsın. Yoxsa, kupedə onları narahat edəcək daha iki sərnişin olacaq. SV-də isə ayrı aləmdi, vəziyyət ayrıdı. Öz əlin, öz başındı. Girdin içəri, sənədlərin də qaydasındadırsa, vəssalam. Qapını bağla, kəlləni at balınca. Deyir, qatara tez-tez gənc sevgililər minir. Ayrı-ayrı stansiyalarda düşmək şərti ilə. Yenə bu camaatın qorxusundan.

 

 

Kupelərdən söz düşmüşkən, bu dəmir divarların “qulaq”ları daha nələr eşitməyib, nələr?!  Ehtiraslı öpüşlər, körpə səsi, dost sağlığı, qadın qeybəti, qısqanc ər-arvad davası... Bu yaxınlarda yenə bir qadın ağlayırmış içəridə. Təəssüflə, müdaxilə edə bilmədiklərini bildirirlər. Ancaq qulaqlarını divara dirəyib qadının susmağını gözləyiblər. Qadın ürəyi...

 

 

 

Əgər uzaq yolda sizə itin, yaxud pişiyin yoldaşlıq edəcəksə, məcbursunuz ya bütün kupenin biletini alasınız, ya “SV”. Digər sərnişinlərin rahatlığı üçün. Əks halda, biletiniz əlinizdə yanacaq. Sizi vaqona buraxmayacaq bizim işini yaxşı bilən bələdçilərimiz.  

 

 

 

Qatarla ancaq gecələr səfər etmisinizsə, o zaman Zaqatala - Balakəndə qatarın dağların sinəsini yarıb keçdiyini, Astara gedəndə ləpələrin qatarın relslərini yaladığını görməmisiniz heç. Hələ Tovuzu demirəm. Qatar sürətlə çayın üstündən salınmış körpüdən keçməyi adrenalin axtaranlar üçün ayrı aləmdi. Bir yanın sıldırımlı qayalar, bir yanın evlər.

 

 

 

Bayırda ilıq günəş olsa da, hava soyuq idi. Aynurə çay içməyi təklif edir. Belə havada isti çayın yeri var. Ona əziyyət olmasın deyə, imtina etsəm də, israr edir. Qayıdanda bir əlində fincan, digərindən qənddan vardı. Üzündəki təbəssümə isə söz ola bilməz.

 

 

- Daim belə gülərüzsən?

 

- Çalışıram.

 

- Müştəri daim haqlıdı. Bəs sərnişin?

 

- Sərnişin də. Məsələn, sərnişin məni təhqir eləsə, mənim ixtiyarım yoxdu ona cavab qaytarmağa. Haqsız da olsa, haqlıdı. Rəhbərlik bizdən yataq dəstlərini təmiz tələb edir. Sərnişin onu çox bulaşdırmamalıdı. Eləsi var, ayaqqabısını silir, üstünə şirə tökür. Dərbəndə gedən qaraçılar çox minir. Bir dəfə biriylə mübahisəm düşdü. Başa sala bilmədim ki, çirkləndirmək olmaz. Elə hey dedi, əcəb eləmişəm. Canınız çıxsın yuyun! Hələ üstəlik də mənim yaxamdan tutub divara da çırpdı.

 

Qatar rəisinin söhbətə müdaxiləsi:

 

- Bələdçi qızlarınızın sərnişinlərin kupesinə girib onlarla söhbət etməsi, onların süfrəsinə oturması qadağandır. Ancaq. Salam-sağ ol, bəli-xeyr!  Vəssalam. Ay, gedib kupedə sərnişinlə çörək yesin, ay taleyimi danışım, ola bilməz. Qaydaya əməl etməyən qızlar isə cəzalanır.

 

- Bəs sərnişinlər üçün tətbiq edilən cəza növü var?

 

- Var. Təzə qatarlarda siqaret çəkmək qadağandır. Birinci dəfə görəndə xəbərdarlıq edirik. İkinci dəfə pul cəzası kəsirik, üçüncü də qatardan endiririk.

 

“Siqaret” deməyimizə peşman oluruq. Fəxrinin könlünə siqaret çəkmək düşür. Aşağı düşüb birinin yandırıb damağına qoyur. O, siqaretini çəkənə qədər son sualımı da verirəm. Cavabı isə... bir daş altda, bir daş üstə.