Martın 13-də Heydər Əliyev Mərkəzində “Sloveniya Günü”nün açılışı olub.

ANS PRESS-in məlumatına görə, “Sloveniya Günü” çərçivəsində “Eroika” qrupunun “Baharlı yurdum-Azərbaycan” mahnısını ifa etməsi coşqu ilə qarşılanıb.

Tədbir çərçivəsində qonaqlar əvvəlcə incəsənət sərgisi ilə tanış olublar.

Sonra iştirakçılar, həmçinin Heydər Əliyev Mərkəzində məşhur “Eroika” qrupunun konsertini dinləyiblər. Matjaz Robavs (bariton), Aljaz Farasin (tenor) və Metod Zunecdən (tenor) ibarət trio tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Trio səhnəyə Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxıb. Gecədə qrupun ifasında Müslüm Maqomayevin “Odlar yurdu Azərbaycan” mahnısı da səsləndirilib.

Qrupun repertuarına ingilis, ispan və italyan dillərində bir çox ölkələrdə hitə çevrilmiş mahnılar, eləcə də Sloveniya, Serbiya və Xorvatiyanın pop mahnılarının remeykləri daxildir.

Tədbirdə iştirak edən Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbek tədbirdə çoxsaylı qonaqların iştirakından məmnunluğunu ifadə edib.

Ölkələrimiz arasındakı mövcud əlaqələr toxunan səfir qeyd edib ki, belə tədbirlər Azərbaycan ilə Sloveniya arasındakı əlaqələrin olduqca yüksək inkişafından xəbər verir.

Səfir deyib: “Bu gecə sloveniyalı məşhur sənətçi Ljuben Dimkaroski dünyanın ən qədim fleytasında səsləndirəcəyi musiqi nömrələri ilə bizim hamımızın zövqünü oxşayacaq. Sloveniya Milli Muzeyində saxlanılan bu fleytanın 65 min il yaşı var. Bu musiqi aləti neandertal insan dövründə icad edilib. Sadə, bir neçə dəliyi olan bu musiqi alətinin sehrində biz həmin dövrlərin ruhunu hiss edəcək, eyni zamanda müasir musiqi əsərlərini dinləyəcəyik. Eyni zamanda biz rənglərin səyahətinə də çıxacağıq. Belə ki, Sloveniya rəssamları Peter və Joze Ciuhaların əsərlərinin bənzərsiz rənglər dünyasına 18 rəngin nələr yaratdığını seyr edəcəyik”.


Video: Trend
Mənbə
ANS PRESS