Gəncədə Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə "Xalq və Ordu birdir" devizi altında keçirilən ümumrespublika bədii-təşviqat marafonuna start verilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Müdafiə Nazirliyi və Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Müstəqil Dövlətlər Birliyi Hökümət Başçıları Şurasının qərarı ilə keçirilən marafonun açılış mərasimi maraqlı görüntülərlə yadda qalıb.
"Xalq və Ordu birdir" devizi altında keçirilən marafon iştirakçıları öncə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. II Dünya Müharibəsində həlak olanların xatirəsi əbədi məşəl kompleksi qarşısında anılıb. Burada rekviyem-kompozisiya nümayiş olunduqdan sonra “Əbədi məşəl” önünə küknar yarpaqlarından hörülmüş çələng qoyulub.

Tədbir Heydər Əliyev park-kompleksində davam edib. Burada "Azərbaycan Böyük Vətən müharibəsi illərində" adlı fotosərgi ilə tanışlıqdan sonra Zəfər Tağının qarşısında ümumrespublika bədii-təşviqat marafonunun açılışı baş tutub. Çıxışlarda Azərbaycanın hərb tarixindən, bu tarixin formalaşmasında Gəncə və gəncəlilərin rolundan söhbət açılıb.

Milli Ordu sıralarında, ön cəbhədə xidmət edən əsgər Təhmasib Abdullayev düşmənə layiqli müqavimət göstərdiyi üçün medalla təltif olunduqdan sonra Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təsis edilən "Veteranların qayğıkeşi" diplomu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına təqdim edilib.

Gəncə Dövlət Dram Teatrı kollektivinin təqdim etdiyi meydan tamaşalarında Nizami Gəncəvinin, Cavad xanın, General Səməd bəy Mehmandarovun, Türk qoşunlarının komandanı Nuru Paşanın obrazları canlandırılıb. Gəncə Xanlığı və AXC dövrünün ordu dəstələri meydana dəvət olunub. Daha sonra Ramil Səfərov marafonun atributu olan və Bakının Şəhidlər xiyabanından alovlanan məşəli Zəfər Tağının qarşısına gətirib.

"Xalq və Ordu birdir" Ümumrespublika bədii-təşviqat marafonu məhz Gəncədə start götürdü. Çünki Gəncə və gəncəlilərin Azərbaycanın hərb və ordu quruculuğu tarixində müstəsna rolu var. Bunu bu meydanda nümayiş olunan tamaşalar bir daha sübut etdi.

Davam edən meydan tamaşalarında 1941-45-ci illərdə Azərbaycan xalqının həyatı və məişəti nümayiş olunub, Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi anılıb. Daha sonra qələbə rəmzi olaraq Müharibə Veteranlarının müşayiəti ilə “Taqanroq diviziyasının” və Reyxstaq üzərində ucaldılan bayraqlar meydana gətirilib. Tədbir Azərbaycan ordusunda xidmət edən əsgərlərin nümunəvi çıxışları ilə başa çatıb.

Milli.Az