Bakı, 13 mart, AZƏRTAC
Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qərargahında keçirilən üçüncü “Xəzər dəhlizi” konfransı çərçivəsində Böyük Britaniyanın Compact GTL və Qazaxıstan Respublikası arasında anlaşma memorandumu imzalanıb.
Azərbaycan Beynəlxalq Bankından AZƏRTAC-a bildiriblər ki, saziş Qazaxıstanda səmt qazının sutkada 2 mindən 3000 barrelə qədər dizel yanacağına konvertasiyasını həyata keçirən GTL (Gas-to liquids) zavodunun inşasını nəzərdə tutur. Compact GTL şirkəti qazın mayeyə çevrilməsi texnologiyası üzrə ixtisaslaşan bir şirkətdir.
Qeyd edək ki, Üçüncü “Xəzər dəhlizi” konfransı martın 12-də Londonda AYİB-in qərargahında Azərbaycan Beynəlxalq Bankının (ABB), Britaniyanın “Asia House” və “TheCityUK” təşkilatlarının və Britaniya-Azərbaycan İşgüzar Şurasının (BABC) dəstəyi ilə keçirilib.