Jalə Mütəllimova
Xeyli vaxtdır deyirəm ki, yazım, sonra fikirləşirəm ki, yox, ayıbdır. Bir də düşündüm ki, onlara ayıb deyil, mənim yazmağım niyə ayıb olsun ki?
Əvvəlcədən deyim ki, inancsız, imansız deyiləm. Həcc ziyarəti qismət olarsa, ən böyük arzularımdandır. Amma hərdən elə şeylər görürəm ki, dini, inancları bu qədər dəyərdən salanlar qəribə gəlir mənə. Heç ad da qoya bilmirəm onlara...
Bu yaxınlarda Həcc ziyarətindən ailə dostumuz olan bir nəfər də qayıtmışdı. Uzun müddətdir, qınaqlara tuş olmuşam ki, niyə gedib o adama "Allah ziyarətini qəbul eləsin” demirəm.
Bu günlərdə gec də olsa gedib təbrik elədim. “Sağ əliniz getməyənlərin başına” da dedim. Dostumuzun əlində kiçik ölçülü bir xalça vardı və xanımı ilə söhbəti çəkdi diqqətimi:
- Hacı, bunu verirəm.
- Keçən il gedəndə gətirdiklərimdən heç nə durmur ki? Onu göndərərsən İlqargilə.
- Ondan özümün xoşum gəlir.
- Axı o biri il də birini götürmüşdün, ay qız.
- Onu qıza saxlamışam dəə. Bəlkə inişil gətirdiyini verim?
- Yox, o qalsın özümüzdə.
- İki dənədir...
Onlar danışır, mən susub illəri sayırdım; bir, iki, üç... Anladım ki, bu adam 5 dəfə həccə gedib - gəlib. Və məni günlərdir bura sürükləyənlər də bunu bilirlərmiş. Nə deyim, bilmirəm, açığı bir neçə şeyi də ağlım kəsmədi. Əvvəla, onu hər dəfə təbrik edib, göz aydınlığı verməyin anlamı nədi? Ya da Həcc ziyarəti adı altında xalça biznesi quran, o boyda ziyarəti bu qədər ucuzlaşdırana necə “hacı” demək olar? Qazandığı nə qədər halaldır? Nə qədər inanclıdır? Nədənsə dünya çempionatı gəldi ağlıma. Allaha acıq getməsin, mənə elə gəldi ki, bizim bu dostumuzun simasında çoxları Həcc ziyarətini dünya çempionatına döndərib. Beşqat hacı, beşqat dünya çempionu...
Heç olmasa xalça-palaz almaq üçün başqa ölkələrə getsinlər.
Gömrük haqqı alınmadığı üçün bu yoldan istifadə edib Həcc ziyarəti pərdəsi altında alver etmək Allah haqqı, allahsızlıqdır !..