Bakı, 13 mart, Elvira Məmmədova, AZƏRTAC
Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı institutun direktoru, akademik Tofiq Hacıyev açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb. Akademik Dövlət proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayaraq, mövcud vəziyyəti öyrənmək məqsədilə institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlərin aparıldığını bildirib. T.Hacıyev dil nöqsanlarının aradan qaldırılması işinə kömək edəcək “Qaynaq xətt”in işə salınacağı barədə də məlumat verib. Bildirib ki, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin xəttin tezliklə işə salınmasına çalışır.
Konfransda Bakı şəhərinin Səbail, Nəsimi və Nərimanov rayonları ərazisindəki küçə adları, afişalar, reklam lövhələri və teleradio verilişlərinin dili ilə bağlı aparılan müşahidələr barədə məlumat verilib.
İnstitutun aparıcı işçisi Nəzakət Qaziyeva ölkədə fəaliyyət göstərən saytların dil ilə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb və müşahidə olunan dil qüsurlarından danışıb.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.