Azərbaycanda yaşayan Özbəkistan ailəsi Azərbaycan vətəndaşı olmaq üçün uzun müddətdir müraciətlər edir. Hələlik ailə üzvləri istəklərinə nail ola bilmirlər.

ANS TV-nin məlumatına görə, Özbəkistandan olan Şahman Kuçiyev 26 ildir Azərbaycan vətəndaşı olmaq arzusunu gerçəkləşdirə bilmir. Onun sözlərinə görə, 1990-cı ildə valideynlərilə Özbəkistandan deportasiya olunaraq Azərbaycana gəliblər. Qubanın Qaraçay kəndində məskunlaşan ailə burada 4 il müddətində ev-eşik qurub özlərinə şərait yaradıblar. Elə həmin vaxtdan vətəndaşlıq almaq üçün müraciət etsələr də istəklərinə nail ola bilməyiblər. Övladlarının ikisi Özbəkistanda, ikisi isə Azərbaycanda doğulub. Ailə başçılarına burada daimi yaşamaq hüququ verilsə də, qızlarının ikisinə çox çətinliklə də olsa, bir illik yaşama icazəsi alıblar.

Qazandığı bütün pulları yollarda sərf etdiyini deyən Şahman Kuçiyev 4 uşağa görə 400-500 manat dövlət rüsumu ödədiyini dedi: "Yerdə qalan pullar isə uşaqların qeydiyyat sənədlərin hazırlamasına xərclənir".

Şahman Kuçiyev deyir ki, Azərbaycanda anadan olan iki uşağına doğum haqqında şəhadətnamə ala biliblər. Amma onlara da hələ ki, vətəndaşlıq verilməyib. 2007-ci ildən bəri Dövlət Miqrasiya Xidmətinin Xaçmazdakı idarəsinə dəfələrlə müraciət etsələr də nəticəsiz qalıb. Ailənin qızları da sənədlərinin olmaması ucbatından böyük çətinliklə qarşılaşdıqlarını dedilər.

Vətəndaşlıq istəyən Gülyetər Kuçiyeva bildirdi ki, müəllim imtahana girmək üçün sənəd tələb edir: "Ancaq mən burada daimi yaşamış olsam belə, sənəd vermirlər. Nəticədə imtahana girə bilmirəm”.

Ailə başçısı Şahman Kuçiyev avtomobil təmirilə məşğul olduğunu və dövlətə vergi ödədiyini də söylədi. Kuçiyevlərin vətəndaşlıq almaq istəklərilə bağlı Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsindən bildirildi ki, Özbəkistan vətəndaşları olan Şahman Kuçiyev və onun həyat yoldaşı Gülnaz Ağaliyeva 21 may 2013-cü ildə Azərbaycanda daimi yaşamaq hüququ alıblar. Qanunvericiliyə görə, ölkə ərazisində 5 il daimi yaşayan və gəlir mənbəyi olan əcnəbilərə vətəndaşlıq verilə bilər. Odur ki, onlar 2018-ci ildə quruma müraciət etməlidirlər.

Ailənin 4 övladına daimi yaşamaq icazəsi almaq üçünsə, əvvəlcə Özbəkistanın Azərbaycandakı səfirliyindən şəxsiyyətlərini təsdiq edən etibarlı sənəd almalıdırlar. Daha sonra Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Odur ki, Şahman Kuçiyev 26 ildir vətəni bildiyi Azərbaycanın vətəndaşlığını qazanmaq üçün daha üç il də gözləməlidi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото