Rəhbərlik narazılara qarşı güzəşt limitinin bitdiyini düşünür, narazılar isə partiyadakı status-kvonu qəbul edə bilmirlər
Müsavat Partiyasında hökm sürən narazılığın mövzusu bir qədər dəyişib. Belə ki, bu dəfə söz-söhbətlər parlament seçkiləri ilə bağlı olaraq başlayıb və ilkin namizədlərin müəyyənləşdirilməsi problemlərə yol açıb. İndiyə qədər partiyanın 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədləri müəyyənləşsə də, seçkilərdə iştirak etmək niyyətində olan Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun adı namizədlər siyahısında yoxdur. V.Əyyubun açıqlamasından görünür ki, rayon təşkilatı onun namizədliyini verməsinə dəstək olsa da, partiya rəhbərliyi bunu təsdiq etmək fikrində deyil. Partiyadan bildiriblər ki, namizəd olmaq istəyənlər özləri şəxsən quruma müraciət etməlidirlər. V.Əyyub isə deyib ki, rayon təşkilatı onun namizədliyi ilə əlaqədar partiyaya müraciət etdiyindən, buna ehtiyac yoxdur.
Qeyd edək ki, qurultayın legitimliyini qəbul edən Arif Hacılı tərəfdarları Qubad İbadoğludan sonra V.Əyyubu da partiyadan uzaqlaşdırmaq istədiklərini gizlətmirlər. Müsavat başqanı müavini Elman Fəttah deyib ki, sözügedən şəxsin Müsavat Partiyası Məclisinin üzvü kimi qalması əslində, onun iradəsinə zidd olan məsələdir, onun haqlarının pozulması, şəxsi azadlığının məhdudlaşdırılmasıdır. Çünki şəxs özü dəfələrlə bəyan edib ki, özünü Məclisin üzvü hesab etmir: “Müsavat başqanı Arif Hacılı Məclisin son iclasında bu məsələni müzakirəyə çıxarmışdı, sonra təxirə saldı. Məclisin martın sonu, aprelin əvvəlində keçirilməsi nəzərdə tutulan iclasında yenidən Vurğun Əyyubun adının Məclis üzvü siyahısından çıxarılmasına tərəfdar olacaq. Düşünürəm ki, Vurğun Əyyub istəmədiyi halda, Məclisdə üzvlüyünü zorla saxlamaq onun azadlığını məhdudlaşdırmaqdır. Çünki o əslində, Məclis üzvlüyü ilə vidalaşıb. Hər bir şəxs hər hansı qurumda üzvlüyünü özü müəyyənləşdirir. Qurumun üzvlüyündən imtina etdiyi andan isə üzvlüyü faktiki dayanır. Vurğun Əyyub da seçkilərdən dərhal sonra Məclisi tanımadığını və özünü Məclis üzvü hesab etmədiyini bəyan edib. O halda sadəcə, Vurğun Əyyubun adı Məclis üzvü siyahısından çıxarılmalıdır. Bu da Məclisdə xüsusi müzakirə ediləsi, qaldırılası, səsverməyə buraxılası bir məsələ deyil. Bu, sırf texniki məsələdir”.

Məlumdur ki, V.Əyyub Müsavatdakı narazıların ən məşhur simasıdır. Əgər ona qarşı çıxdaş siyasəti aparılırsa, açıq-aşkar sərt münasibət göstərilirsə, onda gəlin, sıravi üzvlərin partiyadakı vəziyyətini, hazırkı rəhbərliyinin onlara qarşı nə cür davrandığını təsəvvür edək. Ya da heç etməyək. Onsuz da, xeyli vaxtdır ki, mətbuatda Müsavat daxilindəki vəziyyətlə bağlı həddindən artıq yazılar yazılıb, faktlar göstərilib. Buna görə də hər kəs orada əks fikir söyləyən şəxsin “boynunun” vurulmasından xəbərdardır. Belə məqamlar onu deməyə əsas verir ki, qurultaydan sonra formalaşmış narazılar ordusu ilə Müsavatın indiki rəhbərliyi bundan sonra heç cür bir yerdə addımlaya bilməzlər. Hətta iki komandanın bir qurum daxilində olması mümkünsüzdür. Çünki fikir ayrılığı elə həddə çatıb ki, ən adi məsələ belə tərəflərin mübahisəsinə səbəb olur. Onu da xatırladaq ki, çaxnaşmaya səbəb olan heç bir mövzunun sonunda anlaşma əldə edilməyib. Tərəflər arasında indiyə qədər ortaq dil tapılmayıbsa, deməli, bundan sonra da sülh əldə edilməyəcək. Ən pisi isə odur ki, heç kim özündə səhv görmür. Artıq partiyanın indiki rəhbərliyi narazılara qarşı güzəşt limitinin bitdiyini düşünür. Narazılar isə partiyadakı mövcud status-kvonu qəbul edə bilmirlər. Bu, artıq sonun çatdığını təsdiq edir.

Qeyd edək ki, bu, Azərbaycan siyasətində ilk belə hal deyil. Əvvəllər baş verən proseslərin yekunlarını xatırlayaraq belə qənaətə gəlmək olar ki, Müsavatdakı bu deyişmə və söz-söhbətlərin aradan qalxması üçün tək bir yol var. O da narazıların bir yerə toplaşaraq özlərinin partiyasını yaratmasıdır. Müsavatın narazı üzvləri bu məsələdə demək olar ki, bir addım öndədirlər və hazırda böyük şansları var. Belə ki, artıq Qubad İbadoğlu tərəfindən yaradılan Demokratiya və Rifah Hərəkatı mövcuddur ki, ən yaxşı çıxış yolu bu hərəkatın partiyaya çevrilməsidir. Narazılara sadəcə bunu sənədləşdirmək, deyilənləri reallaşdırmaq qalır.

Kaspi.az