Bakı, 11 mart, AZƏRTAC 
Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Bakıda “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Superkuboku keçirilib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Bakcell, Troyka Energy şirkətlərinin və “National Geographic Azərbaycan” jurnalının dəstəyi ilə təşkil olunan Azərbaycan Superkuboku uğrunda turnirdə 2014-cü il mövsümünün ölkə çempionatı və kubokunun mükafatçıları “Diplomat”, “Vendetta”, “Land of fire”, “Merkuri” və “Legendarium” komandaları yarışıblar. Oyun günü bu komandalarla yanaşı, ölkənin digər nüfuzlu kollektivləri sinxron təşkil olunan Bahar Kubokunda da iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən Azərbaycan Superkubokunun qalibi “Legendarium” komandası olub. Yalnız finalda uduzan “Diplomat” komandası isə Bahar Kubokunu qazanıb.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Superkuboku ikinci dəfədir təşkil olunur. Azərbaycan Superkuboku ilk dəfə 2013-cü ildə keçirilib. “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Superkubokunun hər il mütəmadi olaraq təşkil olunacağı planlaşdırılır.