Bakı, 11 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Xəzər rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Bakı-2015” Avropa Oyunları bizim tarixi nailiyyətimizdir” devizi altında “Məktəbli kuboku” yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mərdəkanda təşkil olunacaq yarışda Xəzər rayonunun 20-dən artıq məktəbini təmsil edən komandalar mübarizə aparacaq. Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla estafet sistemi üzrə yarışacaq. İlk 3 yeri tutacaq komandalar AVİF tərəfindən pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediləcək.
Xatırladaq ki, federasiya tərəfindən ötən ilin dekabrında Nərimanov, bir neçə gün əvvəl isə Səbail rayonlarının məktəbləri arasında da pilot layihəli “Məktəbli kuboku” turniri təşkil edilmişdi. Bütün bu yarışlar isə ümumrespublika “Məktəbli kuboku” turnirinə hazırlıq xarakteri daşıyır.