Tanınmış yumorist Səbuhi Xanlarov cinayət məsuliyyətinə cəlb edilə bilər. Milli.Az-ın məlumatına görə, buna səbəb onun məclislərdən birində sərxoş kişini döyməsidir.
S.Xanlarovun döymə səhnəsinin videosu sosial şəbəkədə yayılıb. Videoda görünür ki, məclisdə olan qonaqlardan biri əlində dəmir sini oxuyur və söyüş söyür. Bu zaman S.Xanlarov həmin kişini döyməyə başlayır.

Milli.Az həmin hadisənin hüquqi tərəfini, S.Xanlarovun əməlinə görə məsuliyyətə cəlb olunub-olunmamasını öyrənib. Hüquqşünas Müzəffər Baxış saytımıza açıqlamasında bildirdi ki, bu məsələyə münasibət bildirmək üçün hadisənin mahiyyətini dəqiq bilmək lazımdır. Həmin şəxs xuliqanlıq niyyəti ilə döyürsə, yetirdiyi xəsarətlərdən asılı olaraq, Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsinə tövsif olunmalıdır. Bu qəbildən olan cinayətlər Cinayət Prossesual Məcələsinin (CPM) 37.6-cı maddəsinə görə ictimai ittiham qaydasında təqib olunan cinayətdir. Yəni bu fakt hüquq-mühafizə orqanlarına məlum olarsa, döyülən şəxsin şikayətinin olub-olmamasından asılı olaraq Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanmalıdır.

Hüquqşünasın sözlərinə görə, əgər döyülmə şəxsi münasibətlər zəminində baş veribsə, yenə də zərərçəkmişə yetirilən xəsarətlərdən asılı olacaq. Yüngül və ya az ağır xəsarət yetirilibsə, CPM-nin 37.3-cü maddəsinə əsasən, CM-nin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrində nəzərdə tutulan cinayətlər ictimai xüsusi ittiham qaydasında təqib olunan cinayətlərdir. Buna görə CPM-nin 107.2-ci maddəsinə görə, burada zərərçəkmiş şəxsin şikayəti olmalıdır. Bu halda cinayət təqibi başlana bilər və ya CPM 37.5-ci maddəsinə görə, prokuror 5 hal üzrə cinayət işi başlaya bilər. Əgər cinayət cəmiyyətin, dövlətin mənafeyinə toxunursa, vəzifəli şəxs tərəfindən törədilirsə, köməksiz vəziyyətdə olan şəxsə qarşı edilirsə, cinayət məsuliyyətinə cəlb edilməyən, fəaliyyət qabiliyyəti olmayan şəxsə qarşı törədilirsə, prokuror cinayət işi başlaya bilər.

Gülər
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото