Aston Martin markası krossoverinin necə görünəcəyini nümayiş etdirmək üçün edilən ikinci cəhd Cenevrədə gerçəkləşib. Bu dəfə avtomobil ictimaiyyətinə qeyri-adi DBX Concept konsept avtomobili nümayiş etdirilib. Qeyd etmək lazımdır ki, Lagonda prototipindən sonra edilən ikinci cəhd xeyli uğurlu alınıb.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, maşın açıq-aşkar öz idmançı xarakterini göstərməyə çalışır. Burada mühafizəkarlıqdan qətiyyən söhbət gedə bilməz – hər şey Aston Martin-in ən yaxşı ənənələrinə uyğundur. Bəlkə də ictimaiyyətin heyranlığının səbəbi DBX Concept konseptinin adi SUV deyil, krossover-kupe olmasıdır.
 
Bundan əlavə, yeni modeldə Aston Martin tətbiq etdiyi texnoloji yeniliyi nümayiş etdirib. Belə ki, maşın tam olaraq elektriklə işləyir. Hər təkərin üzərində bir ədəd elektrik mühərriki bərkidilib. Kapotun altında isə əlavə yük yeri yerləşib.
 
Lakin ən başlıcası bu da deyil. Şirkətin elektrik mühərriklərinin texniki göstəricilərini açıqlaması bir yana dursun, ən maraqlısı batareyalardır - ən müasir litium-kükürd batareyaları. Bu yeni nəsil akumulyatorlar təklif etdiyi yol ehtiyatına görə müasir benzin mühərriklərindən heç də geri qalmır, bəzi hallarda isə hətta onlardan üstündür. Yeri gəlmişkən, bir tam doldurulma ilə Aston Martin DBX Concept nə qədər məsafə qət edə biləcəyi də hələlik dəqiqləşdirilmir.
 
Milli.Az