Əməkdaşımız 8 mart öncəsi hədiyyə bazarındakı durumu araşdırıb
Sabah əksər dünya ölkələri 8 mart Beynəlxalq Qadınlar Gününü qeyd edəcək. Bu bayramı hədiyyəsiz təsəvvür etmək çətindir, zərif cinsin nümayəndələri yaxınlarından diqqət, hədiyyə gözləyirlər. Elə bu səbəbdən 8 mart tarixi yaxınlaşdıqca hədiyyə bazarında canlanma müşahidə olunur. Azərbaycanda hədiyyə olaraq daha çox ətirə və güllərə üstünlük verilir. Kişilərin əksəriyyəti hesab edirlər ki, qadın üçün ən yaxşı hədiyyə gül və ya ətir ola bilər. Bəs bayram əks cinsin nümayəndələrinə neçəyə başa gəlir? Qadınlar hansı hədiyyələri gözləyirlər?
8 martın tarixi haqqında
Artıq 94 ildir ki, 8 mart tarixi qadınlar bayramı kimi qeyd edilir. 1921-ci ildə Moskvada keçirilən sosialist qadınların 3-cü konfransında qərara alınıb ki, beynəlxalq qadınlar günü hər ilin 8 mart tarixində qeyd edilsin. 1857-ci ilin 8 mart tarixində Nyu-Yorkda on minlərlə qadın fəhlənin iştirakı ilə kütləvi etiraz mitinqi keçirilib və həmin gün ixtişaşlar nəticəsində 129 qadın öz həyatını itirib. Beynəlxalq qadınlar günü həmin hadisələrlə əlaqələndirilir. 16 dekabr 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 8 mart tarixinin beynəlxalq qadınlar günü kimi qeyd edilməsi barədə qərar qəbul edilib. Ölkəmizdə 8 mart tarixi 1965-ci ildən SSRİ Ali Sovetinin qəbul etdiyi qərara uyğun olaraq, qeyri-iş günü kimi qeyd edilir.
Azərbaycanda qadınların sayı kişilərdən çoxdur
Bu ilin fevral ayının əvvəlinə olan statistikaya görə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qadınların 57,1 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizini qızlar təşkil edib. Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş yüksək olaraq 76,8 yaşa bərabərdir.
Xanımların almaq istədiyi hədiyyələr...
22 yaşlı Leyla Muradova deyir ki, 8 martda adi hədiyyələrdən fərqli olaraq ev heyvanı hədiyyə edilməsini istəyir: "Bu dəfə fərqli bir hədiyyə almaq istərdim. Tutuquşu, akvariumda balıq, ya da balaca it. Belə bir hədiyyə alsam, bu bayram mənim üçün tamamilə fərqli oar".
20 yaşlı Türkan Hümbətova isə artıq 8 mart üçün hədiyyəsini aldığını deyir. Onun sözlərinə görə, hədiyyənin nə olmasından çox, göstərilən diqqət və qayğı önəmlidir: "Nişanlım 8 mart üçün mənə saat alıb. Ən çox istifadə etdiyim və sevdiyim aksessuardır. Ancaq məncə əsas olan onun məni düşünüb, diqqət göstərməsidir".
30 yaşlı Gülnaz Məmmədova da fərqli bir hədiyyə almaq istəyənlərdəndir. Onun sözlərinə görə, təyyarə biletləri əvəzedilməz hədiyyə olardı: "Havaların istiləşdiyini nəzərə alıb səyahət etmək istərdim. Başqa bir ölkəyə gediş-gəliş təyyarə biletinin hədiyyə olunması məni hədsiz dərəcədə sevindirərdi. Ancaq bilirəm ki, belə bir hədiyyə almayacam".
33 yaşlı Kəmalə Əliyeva isə 8 mart üçün qızıl güllərin ən optimal hədiyyə olduğunu düşünür: "Bəlkə də mən gülləri çox sevirəm deyə mənim üçün ən ideal hədiyyə qızıl güldür. Yoldaşım gülü çox sevdiyimi bildiyindən həmişə mənə gül hədiyyə edir. Yəqin ki, bu bayramda da gül alacaq".
19 yaşlı Gülnar Cəfərova isə 8 martda istənilən hədiyyənin onun üçün önəmli olduğunu deyir. Xanımın fikrincə, əgər seçim etmək şansı olsaydı, gümüş qolbaq və ya boyunbağı hədiyyə olunmasını istərdi.
Bəs hədiyyə bazarında qiymətlər necədir?
Satışda xanımlar tərəfindən ən çox bəyənilən güllərin qiyməti fərqlidir. "İnşaatçılar" metrosunun yaxınlığındakı gül mağazalarında gül buketlərinin qiyməti 25-30 manat arasında dəyişir. Qırmızı güllərdən ibarət buketlər 30 manat, səbət şəklində yığılmış güllər isə 25 manatdır. Tək qızılgülün qiyməti isə 5 manatdır. Hədiyyələr mağazasında isə olduqca fərqli, kreativ hədiyyələrlə qarşılaşmaq olar. Ancaq bu hədiyyələrin qiyməti heç də ucuz deyil. Şüşədən hazırlanmış suvenirlərin qiyməti 20 manatdan başlayır. Müşahidəmiz göstərir ki, müxtəlif ölçüdə və formada olan suvenirlər mağazaya daxil olan xanımların diqqətini çəkir. Gülüş işarəsinə bənzər fincanlar da hədiyyə üçün seçilən əşyalardandır. Bu fincanların qiyməti 13-15 manatdır. Xanımlar üçün olan qol saatlarının qiyməti isə 25-30 manat civarındadır. Gənc xanımların sevimlisi olan ayı oyuncaqlarının qiyməti ölçüsünə uyğun olaraq dəyişir. Kiçik oyuncaqlar 15-20 manat, orta ölçülü 45 manat, böyük ölçülü oyuncaqlar isə 65-70 manatdır. 8 martın əvəzedilməz hədiyyəsi olan ətirlər isə 25-30 manatdan başlayan qiymətlərlə satılır.
Tanınmış kosmetika və ətir mağazaları isə əks cinsin nümayəndələrini nəzərə alaraq endirimlər edib. "İdeal" parfumeriya mağazaları 40 faiz, "Sabina" şəbəkəsi isə 8 mart münasibəti ilə 50 faiz edirim təklif edir.
Fərqli aksiyalar
Brilliant Dadaşova, Tünzalə Ağayeva, Nərgiz Cəlilova, Rövşanə Bektaşı kimi müxtəlif sahələr üzrə tanınmış, uğur qazanmış xanımları "Əzizim, mənə 8 marta gül yox, ətir yox, kitab hədiyyə et!" aksiyasına qoşulmağı və dəstək olmağı təklif edirlər. Aksiya təşkilatçısı "Əli və Nino" mağazalar şəbəkəsi bununla bağlı sosial şəbəkələrdə çağırış edib: "Əgər hədiyyə almaq istəyirsizsə, öz sevdiklərinizə kitab hədiyyə edin, hisslərinizi kitabla ifadə edin. Kitab hədiyyələrin ən dəyərlisidir. Ən önəmlisi isə Azərbaycanda kitab hədiyyə etmək mədəniyyətini inkişaf etdirin. İnsanlar ancaq oxumaqla kamilləşə bilərlər. Güllər vaxt keçdikcə sola, ətir isə tükənə bilər. Yalnızca dərin hisslərlə hədiyyə olunmuş kitab uzun illər keçsə də hər zaman yanınızda olacaq, səmimi xatirələri yada salacaq. Aksiyaya dəstək olaq. Kitab oxumaq hər zaman dəbdə olsun!"-deyə kampaniyaya qoşulanlar bəyan ediblər.
6 mart səhər saatlarında "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda, şəhərin müxtəlif yerlərində "Biz sizi unutmadıq - 3" adlı aksiya keçirib. Birliyin üzvləri Bakının müxtəlif küçələrində şəhərin təmizlik işlərini həyata keçirən fədakar Azərbaycan qadınlarını təbrik ediblər. Təşkilat üzvləri səhər çağlarında şəhərin fərqli yerlərində təmizlik işlərini həyata keçirən zəhmətkeş qadınlara öz səmimi təbriklərini çatdıraraq, onlara bayram hədiyyələri təqdim ediblər. Birliyin sədri Sevinc Əzimbəyli modern.az saytına deyib ki, "Biz Sizi unutmadıq" adlı aksiyanı üçüncü ildir ki, həyata keçirirlər: "Bizim əsas məqsədimiz 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar ana və bacılarımızı sevindirməklə onları unutmadığımızı bildirmək olub. Digər tərəfdən, imkanlı şəxsləri, cəmiyyəti əlamətdar günlərdə üzərimizdə hər zaman haqqı olan zəhmətkeş məmləkət insanlarını unutmamağa təşviq etməkdir".
Bizim yol
Bizim yol








