Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də “Elm çırağı” İctimai Birliyi tərəfindən “Azərbaycan və Yunanıstan elm və mədəniyyət müstəvisində” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”nı açan İctimai Birliyin sədri, professor Naidə Məmmədxanova müzakirə edilən mövzunun əhəmiyyətindən danışıb.
Bildirib ki, “Elm çırağı” İctimai Birliyinin başlıca məqsədi cəmiyyətdə elmə və mədəniyyətə marağı artırmaq, habelə elmi seminarlar və kütləvi tədbirlər vasitəsilə əhalini maarifləndirməkdir. Birliyin məqsədləri sırasında Azərbaycanın və xarici ölkələrin təhsil, elm və mədəniyyət müəssisələri, habelə diplomatik missiyaların və diasporun nümayəndələri ilə əməkdaşlığa, istedadlı gənclərin qurumun sıralarına cəlb olunmasına, regional və beynəlxalq layihələrin həyata keçirilməsinə xüsusi yer ayrılır.
“Dəyirmi masa”da “Yunanıstan əsrlər boyu”, “Yunan mentaliteti və fəlsəfəsi”, “Yunan mifologiyasında mənəviyyat məsələləri”, “Azərbaycanda Yunanıstan diasporu” mövzularında məruzələr dinlənilib.
Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında musiqi proqramı təqdim edilib.