Rüstəm Məmmədov: “Hətta Qazaxıstanda sammit keçirilsə belə, hansısa yeniliyin olacağına ümid etmirəm”
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün bu həftə Bakıda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası keçirilib. İclasda bütün sahil dövlətlərinin nümayəndə heyətləri təmsil olunub. Nümayəndə heyətləri Xəzəryanı dövlət başçılarının ötən il Həştərxanda keçirilən sammitində əldə edilmiş razılaşmalar ətrafında müzakirələr də aparıblar. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iclasdan sonra keçirilən mətbuat konfransında bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair konvensiya layihəsinin 80 faizə yaxını artıq razılaşdırılıb. Onun sözlərinə görə, Bakı iclasını hüquqi statusla bağlı yekun mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. X.Xələfov ümid edir ki, əldə olunmuş razılaşmalar hüquqi statusla bağlı konvensiyanın başa çatdırılması üçün əsas verəcək və yekun sənəd 2016-cı ildə dövlət başçılarının Astanada keçiriləcək sammitində qəbul ediləcək. Nazirlik rəsmisinin dediyinə görə, Astana sammitinə qədər açıq qalan bəzi maddələrin razılaşdırılması üzrə işlər davam etdiriləcək. O, bildirib ki, Xəzəryanı ölkələr arasındakı etimad və sabitlik mühitinin mövcudluğu məsələlərin danışıqlar yolu ilə həllinə imkan verir: “Su səthinin bölünməsi, hüquqi rejim, bir sıra hüquqi məsələlər, bioresurslar, balıqçılıq, ümumi su səthindən istifadə, fövqəladə hallar, təhlükəsizlik, gəmiçilik, hidrometeorologiya sahələri razılaşdırılıb. Bununla yanaşı, razılaşdırılmamış müddəalar üzrə Astana sammitinədək müzakirələrin davam etdirilməsinə də start verilib. Müzakirələr əsasən bazis nöqtələrinin tapılması, gəmiçilik (ticarət, hərbi, elmi-tədqiqat gəmiləri) və kəmər məsələlərini əhatə edəcək. Xəzərdə dostluq, əməkdaşlıq və sabitlik davamlıdır. Biz bütün məsələləri danışıqlar yolu ilə həll edəcəyik”.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur da Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üzrə Bakı iclasında müəyyən irəliləyişlərin baş verdiyini bildirib. Onun sözlərinə görə, ötən 20 ildə aparılan danışıqlar yekun razılaşmanın əldə olunmasına münbit şərait yaradacaq: “Konvensiya layihəsinin 6 maddəsi üzrə tam razılığa gəlmişik. Həştərxan sammitində əldə edilmiş razılaşmalar konvensiyanın yekun layihəsində əksini tapacaq. Hesab edirik ki, Xəzər sülh, sabitlik dənizi olmalıdır. İndi regionda bir sıra böhranlar baş verir. Biz bu böhranların Xəzərə keçməsinə imkan verməməliyik. Tərəflər arasında qarşılıqlı etimad, mövcud sabitlik mühüti məsələlərin damışıqlar yolu ilə həllinə imkan yaradır. Xəzərlə bağlı İran və Azərbaycan arasında ikitərəfli danışıqlar aparılır. Bakıda olarkən bu çərçivədə ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi də apardıq. Biz İran və Azərbaycan prezidentlərinin əldə etdiyi razılaşmanın təmin ediləcəyinə ümidlə baxırıq. Artıq mövqelərdə yaxınlaşmalar özünü büruzə verir”.

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı xüsusi işçi qrupunun Bakıda keçirilən 39-cu iclasının sonunda kommunike qəbul olunub. Kommunikedə bildirilib ki, iclasda daha öncə qəbul olunmuş razılaşmalara əsasən, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsi üzrə iclasda tematik müzakirələr aparılıb. Tərəflər danışıqlar prosesinin intensivləşməsinin vacibliyini qeyd edib, hərtərəfli fikir mübadiləsi aparıblar və konvensiyanın bəzi maddələri ilə bağlı yeni təkliflər, kompromisli formullar təklif ediblər. Kommunikedə Xəzərin hüquqi statusu ilə bağlı xüsusi İşçi Qrupunun növbəti iclasının Tehranda keçiriləcəyi də yer alıb. Yaxın 1-2 ay ərzində keçirilməsi nəzərdə tutulan iclasın tarixi isə diplomatik yollarla dəqiqləşdiriləcək.

Bakıda keçirilən tədbirin yekunları barədə fikirlərini “Kaspi”yə bölüşən Bakı Dövlət Universitetinin (BDU) professoru, “Xəzər - Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyin sədri Rüstəm Məmmədov sözügedən iclasın sabit və sakit şəraitdə keçdiyini bildirib. Qeyd edib ki, nazir müavinlərinin iştirak etdiyi iclasda çox ciddi irəliləyiş olmasa da, ciddi problemlər də yaşanmayıb. Onun fikrincə, bu, o deməkdir ki, dövlətlər sabit seçimi qoruyub saxlamağı bacarıblar. Ekspert tərəflər arasında hələlik razılaşdırılmayan məqamlara da toxunub. Deyib ki, Xəzəryanı dövlətlər arasında dənizin delimitasiyası, yarana biləcək problemlərin həlli modeli, Xəzərin gəmiçilik problemi və dənizin hərbi təhlükəsizlik məsələləri ilə bağlı ümumi baxış problemi həllini tapmamış qalıb: “Həştərxan sammitində belə bir qənaətə gəlinib ki, Qazaxıstanda sammit keçirilsin və bu tədbirdə Xəzər dənizinin statusu ilə bağlı konvensiya imzalansın. Düzü, buna o zaman spektik yanaşdım. Çünki bu günə qədər belə məqamlar çox baş verib. Ona görə də inamsızlıq hissi yaranmışdı. Hazırkı durum, Xəzərin hüquqi statusunun hələ də müəyyən edilməməsi bu inamsızlığımın heç də əbəs olmadığını göstərir. Hətta Qazaxıstanda sammit keçirilsə belə, Xəzərin statusu ilə əlaqədar hansısa yeniliyin olacağına ümid etmirəm. Bunun da səbəbi ümumi proseslərin məcrasındadır. Hadisələr Xəzəryanı dövlətlərin arzu etmədikləri istiqamətdə inkişaf edir. Xəzər dənizi ilə bağlı konkret razılaşmanın əldə edilməsi ümumilikdə dünyada gedən proseslərlə sıx əlaqədədir və atılan addımlar da buna adekvat olmalıdır. Hələlik bu istiqamətdə hər hansı yenilik hiss etmirəm”.

Kaspi.az