Mərdəkanda yerləşən Art studioya girəndə insanın gözləri qamaşır. Muncuqlar, toxumalar, bijüteriyalar, broşlar, şirniyyatı xatırladan sabunlar, rəsm əsərlərinin üzərində mismarla işlənən əl işləri... Üstəlik, bunların hazırlanmasında heç bir texnikadan istifadə edilməyib. Bu əl işlərinin sahibləri sadə, evdar xanımlardır. Biz də həmin xanımlarla söhbətləşmək və əl işlərini görmək üçün sərginin keçirildiyi məkana yollandıq. Evdar xanımların hazırladığı işlər qonaqlarla yanaşı, bizi də təəccübləndirdi. İştirakçılarla söhbətləşərkən məlum oldu ki, onların məqsədləri pul qazanmaq deyil. Sadəcə, işlərini cəmiyyətə nümayiş etdirmək üçün sərgiyə qatılıblar.Mərdəkanda xanımların əl işləri sərgiləndi
“Azərbaycan xanımlarının əl işləri”
Evdar xanımlarının əksəriyyəti qatıldıqıqları ilk sərgi olduğu üçün çox həyəcanlı idilər. Üstəlik, burada hər yaşda insana rast gəlmək mümkündür. Çünki əl əməyinə olan sevgi və maraq hər yaşdan olan iştirakçını əl işləri sərgisinə toplamışdı. Sərginin təşkilatçısı Ella Bağırova evdar xanımları psixoloji olaraq sakitləşdirmək üçün deyib-gülür və sərginin yüksək səviyyədə keçəcəyinə inandırırdı.
Söhbətləşmək üçün Ella xanıma yaxınlaşdıq. Həmsöhbətimiz bir ildir, belə sərgiləri təşkil edir. Deyir ki, Azərbaycan xanımları çox yaradıcıdır, lakin onların gördüyü işlər rəflərində qalıb tozlanır: “Hər dəfə Rusiya saytlarına baxıram. Orada bütün xanımlar əl işlərini nümayiş etdirir. Çox bacarıqlı xanımlarımız olduğu halda, əl işləri elə evlərində sandıqda qalır. Mən də düşündüm və beynimə belə bir ideya gəldi. “Facebook” sosial şəbəkəsində “Azərbaycan xanımlarının əl işləri” adlı qrup yaratdım. Bu qrup vasitəsilə ətrafıma bir çox evdar xanımları topladım və kütləni böyütdüm. Biz bu sərgilər vasitəsi ilə uşaq evlərinə, talassemiya mərkəzində olan uşaqlara, kimsəsiz heyvanlara yardım edirik”.
Sərgi təşkilatçısı deyir ki, əsas məqsədi Azərbaycandakı ev xanımlarının istedadını üzə çıxarmaqdır: “Onların istedadlarını içlərində boğmalarını qəbul edə bilmirəm. Xanımlarımızın belə bacarıqları olduğu halda, yalnız uşaq doğub böyütməklə məşğul olurlar. Üstəlik, son vaxtlar əl işlərinə maraq da artıb. Artıq müştərilər Çin məhsulunu, hazırlanmış eybəcər, xəstəlikli suvenirləri əl işlərindən ayıra, onlara qiymət verə bilirlər”.
Təkrarı olmayan iş
Sərgidə diqqətçəkən stendlərdən biri Aytən xanıma məxsus idi. Çünki Aytən xanımın gördüyü işin Azərbaycanda təkrarı yoxdur. Yeganə sənətkardır ki, şəkil çəkir, mismarlarla üzərində işləyir və müxtəlif variantlarda toxumağa başlayır. Evdar xanımın işlərini 2-3 ay ərzində tamamladığını öyrəndikdə təəccübləndik. Aytən xanım deyir ki, yaradıcılıq, incəsənət bütün qadınların içində var: “Uşaqlıqdan bu işə marağım var idi. Amma ailə qurduqdan sonra son 12 ildir, bu işlə məşğul olmuram. Bir gün Ella xanımın əl işləri mağazasına gəldim. Sanki orada mənə ilham pərisi gəldi. Evə gəldim, internetdə araşdırdım və işlərimi görməyə başladım. Yaradıcılıq, incəsənət bütün qadınların içində var. Üstəlik, bu elə bir sənətdir ki, insanların əsəblərini sakitləşdirir. Ev qayğılarından, stressdən az da olsa, uzaqlaşırsan”.
“Sənətin nə yaşı, nə də təhsili var”
Sərgini izləməyə gələn Könül deyir ki, adətən belə sərgilər şəhərin mərkəzində keçirilir və Mərdəkan əhalisi ora gələ bilmir. Mərdəkan qadınlarının bu işə cəlb edilməsi onu çox sevindirib: “Əl işləri, yaradıcılıq, sənət mənim üçün çox önəmlidir. Evdar xanımların belə məharətləri məni təəccübləndirdi. Həqiqətən Azərbaycanda bacarıqlı xanımlar var. Onları cəmiyyətə tanıtmaq lazımdır. Bugünki sərgidə bir-birindən maraqlı, zövq oxşayan sənət nümunələri, səmimi ortam, gülən simalar gördüm. Xanımların öz işini böyük bir sevgi ilə nümayiş etdirməsi mənə həqiqətən təsir etdi. Burada bildim ki, sənətin nə yaşı, nə də ali təhsili var. Sənət insanın daxilindən gəlməlidir”.
Şirniyyat ətirli sabunlar
Sərgini müşahidə edərkən ətrafa yayılan nəfis qoxu bizi məst etdi. Bu qoxu Sevda xanımın stendində ətrafa yayılırdı. O, öz emalatxanasında təbii qarışıqlarla yüksək keyfiyyətli sabun hazırlayır. Sərgidə iştirak etməkdə məqsədi isə hazırladığı sabunları insanlara tanıtmaqdır: “Bu sabunların hamısı yüksək keyfiyyətli bitki yağlarından hazırlanıb. Sabunların heç bir kimyəvi qarışığı yoxdur. Əvvəllər elə bilirdilər ki, bu sabunlar şirniyyatdır. Sabunun ətri onlara qəribə gəlirdi. Hər dəfə sabun haqqında müştərilərə məlumat verirəm və istifadə edənlər çox razılıq edir”.
Uşaqlarına toxunma corab, köynək alan Elnurə deyir ki, əl işləri ilə hazırlanan toxumalar çox keyfiyyətlidir: “Burada sərgilənən işlərdə həqiqətən böyük zəhmət və əl əməyi var. Sərgi gözlərimi qamaşdırır. Bu insanlar əsl sənətkardırlar. Hesab edirəm ki, onlardan aldığım işlərin qiyməti yoxdur. Hər bir əl işinə əl əməyi, göz nuru sərf olunur. Keyfiyyəti isə göz önündədir”.
Əl əməyinin qiyməti yoxdur
Əl işləri sərgilərində xüsusilə gənc xanımların ən çox maraq göstərdiyi stend muncuqlardır. Rəngli muncuqlarla xaruqələr yaradan sənətkar isə Gülçin xanımdır. Həmsöhbətimiz muncuqlarla suvenirlər düzəldir. Gülçin deyir ki, evdə çox əsər hazırlayıb, lakin heç vaxt sərgiləmək imkanı olmayıb: “Bu işi Rusiyada yaşadığım 14 il ərzində orada öyrənmişəm. Xarici ölkələrdə əl işlərinə çox yaxşı qiymət verirlər, bizdə isə bəzən Çin məhsulları ilə eyniləşdirirlər. Burada daha çox toxuma işləri ilə maraqlanırlar”.
Uzun müddətdir toxuculuqla məşğul olan Leyli xanım isə deyir ki, başa düşən insanlar zəhmətə qiymət verirlər: “Bu iş əziyyətlidir, səbir tələb edir. Başa düşən insanlar zəhmətimizə qiymət verir. Digərləri isə deyirlər ki, bazarda bu qiymətə idi, siz baha qiymətə satırsınız. Başa düşmürlər ki, bazarda satılanla əl işi bir deyil. Əl əməyi sərf olunan işlərin qiyməti olmur. Əl işlərim mənə övladım qədər doğmadır. İmkanım olsa, onları heç satmaram”.
Kaspi.az





