Bakı, 4 mart, AZƏRTAC
Türkmənistanın BMT yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Nyu-Yorkda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə birgə “Nəqliyyat-tranzit dəhlizləri: hərəkət etmək vaxtıdır” mövzusunda beynəlxalq forum keçirilib.
AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla xəbər verir ki, beynəlxalq forum Baş Məclisin beynəlxalq əməkdaşlığın təmin edilməsində nəqliyyat-tranzit dəhlizlərinin roluna dair 2014-cü ilin dekabrında qəbul olunmuş qətnaməsindəki müddəaların həyata keçirilməsinə həsr olunub.
Forumda BMT Baş katibinin müavini, az inkişaf etmiş ölkələr və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə ali nümayəndə Qyan Çandra Açarya, BMT-yə üzv ölkələrin diplomatları, BMT-nin regional iqtisadi komissiyalarının, beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər.
Türkmənistanın BMT yanında daimi nümayəndəsi Aksoltan Atayeva tədbiri açaraq bildirib ki, müasir nəqliyyat-kommunikasiya sisteminin yaradılması Türkmənistanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, Türkmənistan öz xarici tərəfdaşları ilə birgə iri infrastruktur layihələri həyata keçirir. Bu layihələr hazırda regionlararası miqyasda siyasi sabitliyin möhkəmləndirilməsi faktoruna çevrilir.
Aksoltan Atayeva 2014-cü il dekabrın 3-də açılmış “Qazaxıstan-Türkmənistan-İran” transmilli dəmiryolunun əhəmiyyətini qeyd edib. O, Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yollarının tikintisi, habelə Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat-tranzit dəhlizinin yaradılması haqqında da danışıb.
Forum iştirakçıları vurğulayıblar ki, bu layihələr dənizə birbaşa çıxışı olmayan ölkələrin iri beynəlxalq bazarlara çıxması və Özbəkistan-Türkmənistan-İran-Əmman nəqliyyat dəhlizi yaradılması üçün perspektiv imkanlar yaradır.
Forum nümayəndələri 2015-ci il yanvarın 29-da Türkmənistan, Azərbaycan və Türkiyə xarici siyasət idarələri başçılarının Aşqabad görüşünün yekununda əldə edilmiş razılaşmaların əhəmiyyətini vurğulayıblar.
Forumun sonunda nəqliyyat-tranzit dəhlizləri haqqında qətnamə müddəalarının həyata keçirilməsinə dair Konsepsiya layihəsi qəbul edilib. Tərəflər bu layihəni yüksək səviyyədə regional simpoziumların təşkili məqsədilə BMT regional iqtisadi komissiyalarına göndərmək qərarına gəliblər.
Belə simpoziumlardan biri Türkmənistanda keçiriləcək.